EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Sığorta şirkətləri sahibkarların mallarını niyə sığortalamır? – İqtisadçı səbəbləri açıqladı

Sığorta şirkətləri sahibkarların mallarını niyə sığortalamır? – İqtisadçı səbəbləri açıqladı

Fikrət Yusifov:” Sahibkarın əmlakının sığortalanmaması onun üçün böyük bir təhdiddir”

 

Son aylar Bakıda ticarət mərkəzlərində və bazarlarda baş verən yanğınlar cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Əmlak və malların yanması ilə yanaşı, yüzlərlə ticarətçinin müflis olmasına yol açan yanğınlar yanğın təhlükəsizliyi, malların sığorta olunması kimi ciddi problemləri üzə çıxarıb. "Sədərək" və “Diqlas”   ticarət mərkəzlərində, "EuroHome" və  “3-cü mikrorayon bazar” larında son bi il ərzində baş verən yanğınlarda yüzlərlə sahibkara ciddi ziyan dəyib.

 

Bəs görəsən sahibkarlar öz mallarını qorumaq üçün niyə sığorta etdirmirlər?

 

Rakurs.tv mövzunu keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifovla müzakirə edib. Ekspert qeyd edib ki, bu sahədə çox böyük boşluqlar mövcuddur: “Bu gün sahibkarın əmlakının sığortalanmaması onun üçün böyük bir təhdiddir. Yəni hər hansı bir fövqəladə hadisə baş verirsə, o zaman sahibkar ziyanla üzləşir. Bu məsələ mütləq öz həllini tapmalıdır. Dünyanın keçdiyi bəlli bir praktika mövcuddur. Dünya praktikasına nəzər salsaq görürük ki, ticarət obyektləri ilə yanaşı, həmin bazarlardakı mallar da sığortalanır. Amma bizdə iri ticarət mərkəzləri sığortalansa da, orada öz mallarını satan sahibkarlar əmlaklarını sığorta etdirmirlər”.

 

Fikrət Yusifovun sözlərinə görə, sığorta şirkətləri sahibkarların mallarını sığortalamaqda maraqlı deyillər: “Bunun üçün kifayət qədər əsaslar mövcuddur. Həmin malların satıldığı yerlərdə yanğından mühafizə üçün təhlükəsizlik tədbirləri yox səviyyəsindədir. Ona görə də, sığorta şirkətləri risk edib sahibkarların mallarını sığortalamağa maraq göstərmirlər. Bu məsələdə kompleks problemlər mövcuddur. Ona görə də, bütün problemlər mərhələli şəkildə öz həllini tapmalıdır”.

 

İqtisadçı əlavə edib ki, ticarət mərkəzləri tikilərkən onun ən birinci şərti yanğından mühafizə sistemi ilə təmin olunmasıdır: “Təəssüflər olsun ki, Azərbaycanda tikilən əksər ticarət mərkəzlərində bu qaydalara əməl olunmur. Ona görə də, biz sığorta şirkətlərindən sahibkarların malları sığortalamağı tələb edə bilmərik. Çünki bu addım sığorta şirkətlərini də risk altına qoyur. Təbii ki, hər bir sahibkarın əmlakı sığortalanmalıdır. Sığortaya görə ödənilən məbləğin az olması sahibkarı maraqlandırır. Amma sığorta şirkətlərinin maraqları çərçivəsində yanaşdıqda, onların haqlı olduqlarını görürük.  Ona görə də, bu məsələlərə kompleks şəkildə baxılmalı və məsələ həll edilməlidir”.

Facebook