Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün nə edək?

Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün nə edək?

"Bildiyimiz kimi qarşıdan 27 sentyabr- Vətən müharibəsində torpaqların azadlığı üçün canlarını verən şəhidlərimizin anım günü gəlir. Həmin gün həm də zəfərin başlanğıc günüdür. Məsuliyyət hiss edən, özünü şəhidlərə borclu bilən hər kəs -rəsmi qurumlar və yaxud sadə vətəndaşlar o gün və ondan sonrakı günlərdə şəhidlərin xatirəsi üçün nəsə edəcəklər, bu öz yerində. Amma mənim düşüncəm budur ki, cəmiyyət daxilində nə edək ki, etdiyimiz işlərin yararı, təsiri şəhidlərimizə çatsın? Yəni, sadə dillə desək, ehsanlarımız onlara çatsın, həm də onlara layiq olsun. Bununla yanaşı əsas təbəqə olan şəhid ailələrinin qəlblərinə aramlıq gətirsin.
Birinci növbədə, köhnə adətlərdən olan musiqiləri, musiqili verilişləri efirlərdən yığışdırmaq gərəkdir, hətta vətənpərvərlik barədə oxunsa da. Həmin ruhiyyədə oxunan mahnılar yaxşıdır, amma başqa zamanlarda. Şəhidlər haqq dünyasında efirlərdə oxunan mahnılarla şad olmurlar, onların adına oxunan dualarla, Quran ayələri ilə şad olurlar. Haqdan danışılan kəlimələrlə xoş olurlar.
Türkiyə 6 ildir ki, 15 iyul hadisələri vaxtı şəhid olan 251 vətəndaşı üçün dövlət və özəl kanallarında mədəniyyət adamlarının birliyi və təşəbbüsü ilə musiqili verilişlərə ara verir, onun yerinə efirlərdə şəhidlərin ruhuna həsr olunmuş mənəvi söhbətlər, zikr və dualar edilir. Şəhidlərin xatirəsini bu formada qoruyurlar. Nə gözəl olardı ki, bu günə qədər etmədiklərini bu gündən sonra edib efirlərdə də şəhid xatirələri bu cür formada qorunardı, müxtəlif vaxtlarda bunun üçün işlər görülərdi. Düşmən gülləsi ilə şəhid olub Allaha tərəfə ucalan 3100 şəhimizin ehtiramını da efirlər də belə saxlayardı.
Dindarlar tərəfindən şəhid ailələri, şəhid məzarları zatən hər zaman yad olunur. Heç şübhəsiz, bundan sonra da o cür olacaq. Başqa bir təklifim budur ki, Azərbaycan torpaqlarını azad edib ərazi bütövlüyümüzü bərpa edən şəhid qardaşlarımızın sayı qədər ölkəmizin hər şəhərində, rayonunda, bölgəsində bu ildən başlayaraq, hər il 3100 ağac əkiləydi. Hər il ənənəvi formada hər şəhidin xatirəsi respublikanın hər bölgəsində yaşayardı, yeni bir ruh, yeni bir gözəllik, yeni bir yaşıllıq canlanardı. Necə ki şəhidlərimiz hər yerə illərdir yaşaya bilmədiyimiz sevinci gətirdilər. Bizlər də onların adını, xatirəsini hər yerdə yaşadaq.
Şəhidlərin ehtiramını qorumaq üçün çox işlər görmək olar, böyük və kiçik. Amma mən düşünürəm, elə iş görək ki, həm etdiyimiz əməllər şəhidlərin ruhuna gözəl ehsan payımız olsun, həm də xatirələri hər zaman yaşasın.
Şəhidlər ölümlərindən sonra insanlara fayda verdiyi kimi, onların adına görülən işlər də insanlara faydalı və yararlı olar. Bununla bağlı imkanı olan şəxslərə həm təklifim, həm də xahişim var: Afrikanın cənubunda sudan əziyyət çəkən insanlar var ki, onlar ya qrunt suyu ilə qidalanırlar, ya da ki, yağış suyunu yığmaqla dolanırlar. Nə gözəl olardı ki, Azərbaycan şəhidlərinin ehtiramını o yerlərdə də yaşadardıq. Oralarda insanların imkanlarını qarşılamaq üçün su quyularının qazılmasına təşəbbüskar olardıq. Bu iş bir qədər maddiyyat tələb etsə də, ən azından şəhidlərin adına olan su bulaqları düzəldərdik. Həm oranın əhalisi sevinərdi, həm də şəhidlərin ruhu şad olardı. Allah bizlərə ləyaqətlə yaşamağı, şəhidlər kimi ölməyi nəsib eləsin."
Abbas Hüseyn.

Facebook