Şəhidi və itkini olan ailələrə 11 min manat veriləcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyən edilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Sənədə əsasən, birdəfəlik ödəmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Daha sonra fərmanda ödənişin edilməsi üçün hansı sənədlərin lazım olduğu əksini tapır.

Fərmanla Dövlət Sığorta Kommersiya Şirkətinə 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə məlumat verməsi tapşırılıb.

Xatırladaq ki, şəhid ailələrinə verilməli olan bu ödəniş məsələsi uzun zaman Azərbaycan cəmiyyətinin, eləcə də hərbi sahədə QHT-lərin müzakirəsində olub.

Həmin ödənişlərin ödənilməsi haqda 40-dan yuxarı məhkəmə prosesi, hətta ödənişin verilməsi barədə məhkəmə qərarları olsa da buna əməl olunmayıb. Müdafiə Nazirliyi həmin ödənişlərin “Azərsığorta”ya köçürüldüyünü desə də “Azərsığorta” bununla bağlı qərar olmadığını bildirib.

Hətta bu məsələ ilə bağlı Milli Məclisin qərarı da olub.

Bu ödənişlərin icra edilməməsi müxalifət tərəfdən hökumətin ən çox tənqid edildiyi istiqamətlərdən biri idi.

Hərbi hüquqşünas, uzun müddət hərbçilərin sosial hüquqlarının müdafiəsi sahəsində QHT rəhbəri olan Telman Əbilov fərmanı Turan-a şərh edərkən deyib ki, hərbiyönlü QHT-lər bu məsələ ilə 2005-ci ldən məşğul olsalar da bu ödənişlərin edilməsilə bağlı ilk məhkəmə qərarını yalnız 2010, ya da 2011-ci ildə ala biliblər. “Məsələ bunda idi ki, şəhid ailələrini bizə qarşı qaldırmışdılar, bəzi ailələr bizdən buna son qoymağı tələb edirdilər, maarifləndirmə işi aparmaqla bunu aradan bildik. Öncə 30-40-a yaxın məhkəmə prosesi oldu, qərarlar verildi, həmin pulları ödədilər”.

T.Əbilov deyib ki, sonradan bu proses kütləvi hal alıb, 1000-ə qədər belə məhkəmə qərarı olsa da “Azərsığorta” həmin pulları verməkdən imtina edib.

Hərbi hüquqçunun dediklərinə, daha 1000 iş də məhkəmələrin baxışında olub: “Elə ki, bu məsələnin kütləviləşdiyini gördülər, sığorta şirkəti ödənişləri ödəməkdən, məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdi”.

T.Əbilov deyib ki, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyi məsləhət gördülər və 2013-cü ilin sonunda KM sığorta pullarının ödənməsilə bağlı qərar verdi: “Bu həmin vaxt idi ki, Qarabağ münahibəsi veteranı Zaur Həsənov özünü Həmkarlar İttifaqı Konfederasiyasının binası qarşısında yandırmışdı. Konstitusiya Məhkəməsinin qərarı bundan sonra verilmişdi. Məhkəmənin binası Konfederasiyanın binasına yaxındır, çox güman ki, Konstitusiya Məhkəməsinin hakimləri nə baş verdiyini görüblər. Bəlkə də buna görə o zaman qərarı şəhid ailələrinin xeyrinə qəbul etdilər”.

T.Əbilov şəhid ailələrinə istinadən bildirib ki, son 3-4 ayda Prezident Administrasiyası hüquq-mühafizə orqanları üzrə iş şöbəsi bu məsələ üzərində çalışır. “Hər halda, gec də olsa, bu, müsbət bir addımdır, şəhidlərin haqqı olanın ailələrinə çatmasıdır”, – o vurğulayıb.