Əsgərin cəsədi asılmış vəziyyətdə tapılıb

Füzuli rayonunun N saylı hərbi hissəsində ölüm hadisəsi baş verib. 21 yaşlı əsgər Rza Habil oğlu Rzayevin intihar etdiyi bildirilir. Onun cəsədi asılmış vəziyyətdə tapılıb. 
Rza Rzayev 29 avqust 1996-cı ildə Gəncə şəhərində anadan olub. Ali təhsillidir. Bu ilin iyulunda Kəpəz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Məlumatı Meydan TV-yə mərhumun qardaşı Hikmət Rzayev təsdiqləyib. Onun sözlərinə görə, oktyabrın 12-də hərbi hissədən zəng edərək qardaşının intihar etdiyini bildiriblər:

“Hadisədən 3 gün əvvəl yanında olmuşam. Deyib-gülmüşük, kefi yaxşıydı, heç nədən şikayəti yox idi. Mən gələndən sonra zəng edib deyirlər ki, başınız sağ olsun, özünü asıb. Bu uşaq özünü niyə assın axı?”

R.Rzayevin cibindən məktub tapılsa da, hələlik ailəsinə təqdim edilməyib. H.Rzayev deyir ki, qardaşının heç kiminlə problemi olmayıb:

“Gəncədə sayılan gənclərdən olub. Heç kiminlə problem yaşamayıb, başını aşağı salıb işində-gücündə olan adam idi. Nə problem yaşayıbsa, hərbi hissədə yaşayıb. Kənarda heç bir problemi yoxdur. Şəhid olmayıb ki, deyək, Vətən uğrunda getdi. İndi deyirlər, ölümü araşdırılır. Gözləyirik görək nə deyiləcək. Hər nə olubsa, orda olub. Bizim də tələbimiz odur ki, qardaşımı intihara məcbur edən səbəb bilinsin”.

Müdafiə Nazirliyi faktla bağlı açıqlama verməyib.