Səfirliyimiz Ermənistanın təxribatının qarşısını aldı

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı baş konsulluğumuz “ArabianTravelMarket-2018” beynəlxalq turizm sərgisində Ermənistanın təxribatının qarşısını alıb. Sərgidəki stendinə Dağlıq Qarabağa dair materiallar yerləşdirən Ermənistan, Azərbaycanın əzəli torpaqlarını ərazilərinin bir hissəsi kimi göstərib. Əsasən bukletlərdə göstərilən xəritələrdə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi təqdim olunub və Azərbaycanın işğal altında olan ərazilərinə turistik paketlər təklif edilib.

Teleqraf.com xəbər verir ki, bununla əlaqədar olaraq, ölkəmizin səfirliyi Ermənistan tərəfinin təxribatının aradan qaldırılması və erməni stendində yerləşdirilən saxta materiallarının çıxarılması ilə bağlı BƏƏ-nin Xarici İşlər Nazirliyinə müraciət edib.

Bununla yanaşı, Azərbaycanın BƏƏ-dəki səfirinin müavini Leyla Süleymanova və ölkəmizin BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev yerindəcə tədbirin təşkilatçılarına təxribat materiallarının dərhal yığışdırılması xahişi ilə müraciət ediblər. Azərbaycan səfirliyinin BƏƏ-də qəti mövqeyini nəzərə alan sərgi təşkilatçıları üzrxahlıq edərək həmin materialların çıxarılmasını təmin edib və bu məsələnin onların nəzarətində olacağını bildiriblər.

Qeyd edək ki, bu gün Dubayın ticarət mərkəzində ən iri və nüfuzlu beynəlxalq sərgi tədbirlərindən biri sayılan “ArabianTravelMarket-2018” 25-ci beynəlxalq turizm sərgisi açılıb.

Azərbaycan bu nüfuzlu sərgidə Mədəniyyət Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan pavilyonu 50-dən artıq turizm şirkətini və otelləri, həmçinin “AZAL” və “İçərişəhər” Tarix-Memarlıq Qoruğunu özündə birləşdirir.