Şeyxin vəzifədən azad etdiyi din xadimi açıqlama verdi

Şeyxülislam Hacı Allahşükür Paşazadənin Mübarək Ramazan ayı ilə bağlı fətvanı pozduğu üçün cəzalandırdığı dini ayin icraçısı açıqlama verib.

Məmmədov Nurməhəmməd unikal.org-a açıqlamasında bildirib ki, işinə yenidən bərpa olunub.

O, haqqında şeyxə yalan məlumat verildiyini və ehtimal əsasında bu addımın onun həmkarları tərəfindən bilərəkdən atıldığını, heç zaman QMİ-nin təlimatlarından kənara çıxmadığını dilə gətirib:

"Şükürlər olsun ki, hər şey qaydasındadır və heç bir problem yoxdur. Bu problem xoşluqla, gözəlliklə həll edildi. Şeyx məni yenidən öz işimə bərpa etdi. Bir Ramazan hörmətinə xahiş edirəm ki, artıq hansısa sözə ehtiyac yoxdur”.

Qeyd edək ki, QMİ Ağdaş rayonunun Qobuüstü kəndində yerləşən məscidin dini ayin icraçısının işindən kənarlaşdırıldığı barədə məlumat yaymışdı. Buna səbəb kimi müqəddəs Ramazan ayı ilə bağlı QMİ Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozması göstərilirdi.