Şeyx Sərdarın kassasiya şikayəti təmin olunmadı - Video

Fevralın 13-də Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə ilahiyyatçı alim Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.
Vəkil Cavad Cavadov vəsatət verərək, konstitusiya məhkəməsinə sorğu göndərilməsini, Sərdar Babayevin ittiham olunduğu və məhkum olunduğu CM-nin 168-ci maddəsinin (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) konvensiyaya zidd olduğunu məhkəməyə bildirdi.
Məhkəmə yerindəcə müşavirə edərək, vəsatətin təmin olunmadığını, Şirvan Apellyasiya Məhəkəməsinin qərarının qüvvədə saxlanıldığını elan etdi.
Qeyd edək ki, ilahiyyatçı Şeyx Sərdar barədə 2017-ci ilin yanvar ayında Masallı Rayon İcra Hakimiyyəti başçısının şikayəti əsasında araşdırmalar başladılıb. Fevralın 22-də Hacı Sərdara qarşı Cinayət Məcəlləsinin 168-1.3 maddəsi (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ilə ittiham verilərək həbs olunub. Həmin maddə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaya görə məsuliyyəti nəzərdə tutur. 168-1.1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması - iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 168-1.2. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması - bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 168-1.3. Bu məcəllənin 168-1.1-ci və 168-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər. Masallı rayon Məhkəməsi 3 iyul 2017-ci il tarixdə Sərdar Babayevin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub. Şirvan Apellyasiya Məhkəməsi 25 sentyabr 2017-ci il tarixdə bu hökmdən verilən şikayəti təmin etməyib. O hal –hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.