Əsəd Cahangirdən "Peyğəmbər" filminin tənqidi

Gənc dostum, güneyli şair Ümid Nəccariyə və şərqin bütün yavrularına

Peyğəmbər Əfəndimiz, Mustafa Akkad və Məcid Məcidi

Sevgili Peyğəmbərimiz haqqında filmi ağlım kəsəndən gözləmiş, hər dəfəsində də gözlədiyimi yox, başqa bir şey görmüşəm. İlk dəfə məni Mustafa Akkadın 1976-cı ildə ekranlaşdırdığı "Çağırış" filmi məyus edib. Realist üslubda çəkilən, az qala başdan-başa döyüş səhnələrindən ibarət "Çağırış"da Peyğəmbərin, ümumən yeddinci yüzil insanının həyatı və düşüncəsi üçün səciyyəvi olan möcüzə ovqatı çatışmırdı. Adi gerçəklikdən bezən və möcüzə gözləyən tamaşaçı filmdən elə ayrılırdı ki, elə bil şah süfrəsindən ac qalxırdı.

İran rejissoru Məcid Məcidinin iyun ayının 6-da Türkiyənin "ATV” kanalında yayımlanan "Hz. Məhəmməd – Allahın elçisi" filmi məni məyus edən filmlər siyahısına daha birini əlavə etdi. Peyğəmbərimizin uşaqlıq və yeniyetməliyindən bəhs edən filmin araya-ərsəyə gəlməsi yeddi il çəkib. Qırx milyon dollar büdcəsi olan film bütün İran kinosu tarixində ən bahalı işdir. Filmin çəkilməsinə dünya şöhrətli rejissor başçılıq edib. Amma təəssüf ki, bütün bunlar "Hz.Məhəmməd – Allahın elçisi"nin tam uğurunu təmin etmir.

Biz bununla "film zəifdir" demək istəmirik. Amma onu parlaq sənət qələbəsi də saymırıq. Çünki bu, böyük rejissorun qlobal mövzuda çəkdiyi filmə münasibətdir və onu Məcidi yox, sıradan bir rejissor, özü də adi mövzuda çəksəydi, bəlkə də yanaşmamız fərqli olardı. Ölçünü yüksək götürməyimiz, hər gəmidən özünə görə yük gözləməyimiz məntiqidir.

 

Möcüzə və gerçəkliyin uğursuz nisbəti

Gerçəklik və möcüzənin nisbəti baxımından Məcidinin filmlərini üç yerə bölmək olar. Birinci qisim filmlərdə gerçəklik aparıcı olsa da, möcüzəyə inam da duyulur. Gerçəkliyi tərəzinin bir, möcüzəni digər gözünə qoysaq, bu filmlərdə birinci tərəf ağır gələr. "Ata", "Cənnətin cocuqları", "Yağmur", "Sərçələrin nəğməsi", "Məcnun söyüd" filmləri bu qismə daxildir.

İkinci qismə yalnız bir film – "Allahın rəngləri"ni aid etmək olar. Burda gerçəklik və möcüzə ideal tənasübə gəlir, tərəzinin gözləri bərabərləşir. Hətta onların birinin harda başlayıb, digərinin harda qurtardığını demək mümkünsüzdür. Möcüzə burda varlığın ruhu, gerçəklik isə cismidir. Yəqin ki, bu üzdən "Allahın rəngləri" Məcidinin kinematoqrafik işləri arasında ən uğurlusudur.

Nəhayət, üçüncü qismə aid olan "Hz.Məhəmməd – Allahın elçisi" filmində tərəzinin möcüzə tərəfi ağır gəlir. Məcidi üçün səciyyəvi olan realist detalçılıq və şairanəliyin sintezi bu filmə də xasdır. Lakin öncəkilərdən fərqli, bu filmdə şairanəliyə meyl bəzən aşırı sınırlara varır, açıq-aşkar romantik idealizə həddinə çatır və bu, olayların reallığına inamı azaldır. Bu idealizədən rejissorun məqsədi aydındır – batı dünyasının hər fürsətdə aşağılamağa çalışdığı Rəsulullahın qutsal obrazını yaratmaq, onu dünya insanına sevdirmək. Bu, öz-özlüyündə nəcib arzu, alqışlanası istəkdir. Lakin Məcidi unudur ki, Peyğəmbəri idealizə etməklə tamaşaçı inamına xələl gətirir. Bu inamsızlıq isə rejissorun öz məqsədinə çatması yolunda əngələ çevrilir. Çünki onun başlıca məqsədi məhz inandırmaqdır. Rəsulullahın sözlə ifadə etdiyi inamı, Məcidi kino lentində göstərmək istəyir. O, İran kinosunun peyğəmbəridir.

Məcidinin filmi Akkadın filminin tam əksidir. Akkadın filmi fantaziyanın azlığı, Məcidinin filmi isə çoxluğundan əziyyət çəkir. Bunu filmin birmənalı uğur qazanmamağının birinci və ən başlıca səbəbi saymaq olar.

Aşağı temporitm və yayğın kompozisiya

Bizcə, uğursuzluğun ikinci səbəbi temporitmin aşağılığı, hətta son dərəcə aşağılığıdır. Film üçün serial uzunçuluğu, xırdaçılığı və yayğınlığı səciyyəvidir. Bu, onun yoruculuğuna gətirib çıxarır. Məncə, "Hz.Məhəmməd – Allahın elçisi"nin seyrini yarımçıq qoyan çoxlu sayda tamaşaçılar var və gələcəkdə də olacaq.

Uğurlu kompozisiya həllinin tapılmaması filmin darıxdırıcılığının digər səbəbidir. Peyğəmbər doğulandan, yəni 569-cu ildən ta ki 617-ci ilə qədərki tarixi çevrələyən filmdə olayların zaman ardıcıllığı pozulur. Lakin bu iş uğurla edilmədiyindən müxtəlif kadrlar arasındakı əlaqə bağları zəifləyir və tarix bütöv görünmür. Tamaşaçı xaosa düşdüyünü zənn edir. Onun diqqətini gərgin durumda saxlamağa hesablanmış kriminal məsələ – gələcək peyğəmbərin yəhudilər tərəfindən izlənilməsi də olayların gedişində istənilən dinamizm yarada bilmir. Görünür, 2 saat 40 dəqiqədən artıq çəkən film öncə daha uzun olub, sonra ixtisarlar olunub və kompozisiya əlaqələrinin zəifliyi o qədər də uğurlu olmayan montaj hesabına meydana gəlib.

Peyğəmbərin üzü və sözü

Filmin effektiv təsir gücünü azaldan ən ciddi səbəblərdən biri Rəsulullahın sifətinin ekranda görünməsinin yasaqlanmasıdır. Şübhəsiz ki, bu, rejissorun suçu deyil. Yeri gəlmişkən, Akkadın filmində baş qəhrəmanın nəinki üzü, ümumən bədəni görünmür, sadəcə, bəzi olaylar Rəsulullahın gözü ilə göstərilirdi. Məcidi öz sələfi ilə müqayisədə bir addım irəli atır. Filmdə baş qəhrəmanın üzü görünməsə də, arxadan çiyini və saçları ekrana gəlir. Akkadın filmində Peyğəmbərin nitqi səslənmirdi, Məcidinin filmində səslənməsə də, subtitrdə yazılır. Akkadın filmində Peyğəmbərin sadəcə çomağı görünürdü, Məcidinin filmində çomaq tutan əli də nümayiş etdirilir. Kino Peyğəmbəri yavaş-yavaş ələ verməyə başlayır.

Bununla belə, filmdə Peyğməbər Əfəndimizin üzünü görmürük və bu fakt həm Hz. Məhmməd, həm də "Hz.Məhəmməd"in tamaşaçı üzərindəki təsir gücünü önəmli dərəcədə zəiflədir. Bu, problemin zahiri, yəni estetik tərəfidir.

Hər şeyin sürətlə bayağılşadığı çağdaş zamanda bunun gec-tez baş verəcəyini başa düşsək də, Rəsulullahın sifətinin ekrana gətirilməsini doğru saymırıq. Çünki onun sifətini özündə təcəssüm etdirə biləcək aktyor yoxdur və ola da bilməz. O, təkrarsız və təsvirəgəlməzdir. Onu çağdaş dövrün hər hansı bayağı aktyorunun sifətində konkretləşdirmək olmaz. Bu, məsələnin ortodoksal dini tərəfidir.

Üçüncüsü, camalın seyri özünüdərk prosesinin üzə, yəni başa çatması deməkdir. Hz. İsanın kinolentlərdə təcəssümü xristianlığın bir proses kimi başa çatmasından xəbər verir. Bu fakt göstərir ki, milyardlarla insanın hələ də xaça sitayişinə baxmayaraq, İsa artıq dini yox, kulturoloji hadisə, sənət olayıdır və xristianlıq bir din kimi bitib. Qərbin Məhəmməd əleyhissəlama qısqanclığının səbəbi də budur. Qərb Rəsulullahın təhqiramiz karikaturalarını yaymaqla onun tarixi missiyasına xitam vermək, onu bitirmək istəyir.

Allahın hökmünə görə isə İslam, onun Peyğəmbəri və Kitabı öz statusunu qiyamətəcən saxlayacaq. İslam sonuncu din, Quran sonuncu Kitab, Məhəmməd sonuncu peyğəmbərdir. Odur ki, Peyğəmbərin sifətinin kinoekranda təcəssümü mümkünsüzdür. Bu, onun gətirdiyi dini başa çatdırmaq, sənət faktına çevirmək, bununla da ilahi proqrama müdaxilə deməkdir. Belə bir şey ancaq qiyamətdə ola bilər. Qiyaməti isə yalnız Allah müəyyən edə bilər. Bu, məsələnin tarixi-esxatoloji tərəfidir.

Nəhayət, merac gecəsi Allahın varlığını seyr etmiş Rəsulullahın üzünü görmək dolayısı ilə Allahın camalına tamaşa etmək, yəni seyri-süluk deməkdir. Lakin Allah öz varlığını hər kəsə fərdi qaydada və hər kəsə öz dərəcəsinə görə göstərdiyindən seyri-süluk ancaq və ancaq təklikdə ola bilər. Milyardlarla adamın kino ekranından haqqın camalını seyr etməsi sirri-nihanı haqqı olmayanlara faş etmək, yaxşı ilə yamana fərq qoymamaq, yəni ilahi ədalət prinsipini pozmaq deməkdir. Bu isə məslənin ən ciddi – metafizik tərəfidir.

Hind bəstəkarından Avropa musiqisi

Bizcə, filmin özəl uğuru ilə seçilməyən daha bir yönü onun musiqisidir. Hind bəstəkarı Rəhman filmə səciyyəvi şərq musiqisi bəstələməyib və ilk baxışdan haqlıdır. Çünki Məhəmməd əleyhissəlam sadəcə şərq yox, dünya hadisəsi, İslam dünya dinidir. Quranda deyildiyi kimi, şərq də, qərb də Allahındır. Bütün film boyu Hz.İsa və Hz.Məhəmməd arasında açıq və gizli paralellər də təsadüfi deyil. Bu, bütün peyğəmbərlərin vahid mənbədən – Allahdan gəlməsinə işarədir. İslam coğrafi yox, səmavi hadisə, kosmik-metafizik mənşəli olaydır. Rəhmanın musiqisində məzh bu cəhət çatışmır. Onun simfonik monumentalizmlə səciyyələnən musiqisi qərb kilsə ənənələrindən gəlir. Yəni o, ilahi faktı çoğrafi sınırlara salır.

İstər rejissor, istərsə də bəstəkarın bu mövqeyində müəyyən məcburiyyət və diplomatiya var. Bu gün hər hansı sənət faktı təsdiq olunmaq üçün istər-istəməz qərbin ələyindən keçməlidir. Bir sıra italyan rejissorlarının filmin çəkilişlərinə dəvət olunması da yəqin ki, bu amildən doğur. Bu, məcburiyyətdir.

Filmin çəkilişindən məqsəd batıda Peyğəmbər Əfəndimiz haqqında yayılan antireklama qarşı əks-təbliğat aparmaq, onu qərb insanına olduğu kimi tanıtmaqdır. Bu işi qərbə doğma musiqinin müşayiətilə eləmək təbiidir ki, daha güclü effekt verə bilər. Bu isə diplomatiyadır.

İnsan mənzərələri

Filmdə aktyor oyunu haqda da birmənalı müsbət rəy demək çətindir. Özəlliklə də, Əbdül Mütəllib, Əbu Talib, Əminə, Bahira kimi müsbət obrazlar canlı insandan daha çox müqəddəslik ideyasının sxematik təcəssümünü xatırladırlar. Bu obrazlarda fərdiyyət yoxdur. Onlarla müqayisədə Əbu Süfyan, Əbdülüzza, Əbrəhə kimi mənfi obrazlar hər biri öz təbii manerası və fərdi xarakteri ilə daha canlı görünürlər. Həmzə, Həlimə kimi obrazlar bu iki antiqütb arasında ortaq mövqe tuturlar. Rejissorun aktyor seçiminin əsasında bu üçlü sxem durur.

Aktyor seçiminə münasibətdə bir neçə məqam diqqəti çəkir. Peyğəmbər Əfəndimizin babası, anası, əmiləri, özəlliklə də Əbu Talibin nurlu çöhrəsi Rəsulullahın görünməyən siması haqda təxmini də olsa, təsəvvür yaradır. İkincisi, peyğəmbərliyin Məhəmməd əleyhissəlama təkcə göydən verilmədiyi, həm də irsən ötürüldüyünü göstərir. Bu isə xəlifəliyin irsiyyət prinsipi üzrə verilməsini tələb edən şiəliyin başlıca konstitusion maddəsinin gizli işarələr dili ilə təsdiqidir.

Peyğəmbərlə əmisi Əbdülüzza, yəni Əbu Ləhəb arasındakı qarşıdurmaya rejissor antoqonist yox, daha yumşaq rakursdan yanaşır. Yəni hər şey başqa cür də ola bilərdi. Belə ki, Əbdülüzza ata-anasız Məhəmmədi özü böyütmək istəyir, lakin can verən atası Əbdülmütəllib gələcək peyğəmbəri ona yox, digər oğluna – Əbu Talibə etibar edir. Sonralar Allahın özünün müdaxiləsinəcən dərinləşən, Quranda əks olunan düşmənlik bu adi qohum um-küsüsündən başlayır.

 

Episodi

Və bütün bunlardan sonra qalır sadəcə ayrı-ayrı effektiv epizodlar: fillərin əfəndisi Əbrəhənin öz yaraq-əsləhəsini böyük bir təntənə ilə geyinməsi; cırtqoz, balacaboy, şöhrətpərəst Əbrəhə ilə təmkinli, ucaboylu, müdrik Əbdül Mütəllibin söhbəti; fil döyüşü; praqmatik Əbu Süfyanın idealist Əbu Talib və cəsur Həmzə ilə qarşıdurması; Əbdül Mütəllibin ölüm yatağında can verməsi; Məkkə müşrikləri ilə müsəlmanlar arasında dəri üzərinə yazılmış anlaşmanın kütlə qarşısındakı nümayişi: öz qız övladını diri-diri basdırmaq istəyən cahil ataya Peyğəmbər Əfəndimizin nəsihəti: "Qızının nə gözəl gözləri var, eynən səninkinə bənzəyir; o gələcəkdə cocuqlar doğuracaq, onların da gözləri səninkinə bənzəyəcək və sənin gözlərin əbədi qalacaq". Peyğəmbər Əfəndimizin bu sözlərini izah etmək istəmirik, çünki onları qiymətdən sala biləcəyimizdən ehtiyat edirik. Lakin buna baxmayaraq, etiraf etməliyik ki, filmdə sarsıdıcı səhnə yoxdur. Ona görə bəzi tamaşaçılar "filmə baxıb ağladım" deyəndə təəccüblənirəm. Görəsən, onlar nəyə baxıb ağlayıblar? Hətta anası Əminənin ölümü ilə bağlı balaca Məhəmmədin çəkdiyi iztirablar da tamaşaçını ağladacaq gücdə deyil.

Məcidinin ideyalar aləmi

 

Filmin cəmi bir epizodunda, özü də anturaj kimi görünən Əbu Bəkr müsbət planda təqdim olunur. Bu, İran kinosu tarixində sünni liderlərə rəğbət ifadə edən ilk epizoddur. Rejissorun məqsədi işıqlıdır – qərb dünyasının mütəşəkkil antiislam hücumlarına qarşı mübarizədə sünni-şiə qarşıdurmasına, məzhəb dartışmlarına son qoymağa, birləşməyə çağırış. Finalda yüzlərlə, minlərlə adamın öz əllərini saflıq rəmzi olan suya salması, əllərin bu təmizlikdəki vüsalı bu ilahi birliyə işarədir. Bizcə, filmin ən uğurlu tərəfi onun bu olduqca aktual ideyasıdır. Çünki bu gün bütün İslam dünyası Qərbin və Amerikanın çömçəsi ilə qarışdırılan qaynar bir qazana çevrilib. Bu qarşıdurmadan zəfərlə çıxmağın əsas şərti İslam ölkələrinin bir hədəfə vurmasıdır. Bu mənada "Hz.Məhəmməd –Allahın elçisi" filmi sadəcə din və tarix yox, həm də siyasət və bu gün deməkdir. Ümid edirəm ki, müəyyən kəsim tamaşaçılar, özəlliklə də qərbə meyli ilə seçilən gənclərimiz filmə baxdıqdan sonra özlərinin bu məsələdəki mövqelərinə də baxacaq və bu mövqeyə zamanın tələbindən doğan zəruri redaktələr edəcəklər.

Əsəd Cahangir