Sarkisyan: "Biz Azərbaycanın qarşısında dayana bilmirik”

“Azərbaycan hərbi diplomatiya ilə bizi sıxır və bu təzyiq illər boyunca davam edir”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Manvel Sarkisyan nazirlərin Brüssel görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağda status-kvonu dəyişdirmək üçün hərbi diplomatiyadan istifadə edir və bunu gizlətmir: “Bakının məqsədi münaqişənin dondurulmuş vəziyyətdə qalmamasıdır, çünki bu, status-kvonun möhkəmlənməsi deməkdir”.

M.Sarkisyan qeyd edib ki, Ermənistan siyasətçiləri səriştəsizdir: “Bizim səriştəsizliyimiz ucbatından, Azərbaycan beynəlxalq aləmdə ciddi nəticələr əldə edir. Bizim siyasətçilər isə müxtəlif bəhanələrlə özlərinə bəraət qazandırır. Görünən budur ki, Azərbaycan hərbi diplomatiyanın bəhrəsini görür, buna görə də Ermənistanın sıxışdırılması prosesini davam etdirəcək. Biz Azərbaycanın bu bacarıqlı diplomatiyasını neytrallaşdıra bilmirik. Əksinə, bizim səriştəsiz siyasətimiz Azərbaycana xeyir gətirir. Faktiki olaraq, biz Azərbaycanın qarşısında dayana bilmirik”.