Sakinlər: Xəzər TV göstərir ki, İtaliyanı su basıb, amma Ramanadan xəbəri yoxdur

Sakinlər: Xəzər TV göstərir ki, İtaliyanı su basıb, amma Ramanadan xəbəri yoxdur

Ramana qəsəbəsi - "İkinci sahə" adlanan yaşayış massivində yaşayan sakinlər kanalizasiya sisteminin yoxluğundan, gölməçəyə çevrilmiş yollardan, evlərini basmış çirkli sulardan şikayətlənirlər.  
 
Onların dediyinə görə, yaranmış vəziyyət yağışdan sonrakı Ramananın həmişəki halıdır. Onlar bununla bağlı dəfələrlə Sabunçu rayonundakı aidiyyəti qurumlara da müraciət ediblər, lakin mənzərə olduğu kimi qalır...
 
 
"Suyun içində ölümü gözləyirik”
 
"Toplum TV”yə danışan Ramana sakini Şamil Hənəfiyevin sözlərinə görə, buranı hər il yağışdan sonra su bassa da, bu dəfə vəziyyət daha acınacaqlı olub. Belə ki, yağış suları evlərin içinə qədər girib. Kimin evinin zirzəmisi varsa, yarıya qədər su ilə dolub.
 
Ramanada kanalizasiya sisteminin olmadığını vurğulayan Ş.Hənəfiyev onu əvəz edən "şanbo”ların da artıq dolduğunu, sulara qarışdığını, beləliklə, çirkli suların evlərə, həyətlərə yol açdığını söyləyir. 
 
Onun sözlərinə görə, təcili yardım da bura girə bilmir: "Qonşuluqda xəstə var idi, təcili yardım gəlib, yolu keçə bilməyib, geri qayıdıb. Həmin xəstə indi daha pis vəziyyətdədir”.
 
Ş. Hənəfiyev hesab edir ki, rəsmi qurumlar hər şeydən xəbərdardır: ""Azərsu” ASC, Sabunçu Rayon İcra Hakimiyyəti hər şeyi bilir. 1 il deyil, 2 il deyil, düz 7 ildir ki, belə yaşayırıq”. 
 
"Ramananın yiyəsi yoxdur?” 
 
Digər bir sakin Rəvanə Həsənovanın dediyinə görə, 6 ildir ki, Ramanaya yağış yağanda suyun içində qalırlar. 
 
O, həyətini su basdığı üçün günlərdir işə gedə bilmədiyini, qovulmaq təhlükəsilə üz-üzə qaldığını deyir: "Keçən il İcra Hakimiyyətindən gəlmişdilər. Gəlib baxdılar, çəkdilər, çıxıb getdilər. Nə xeyri? Köhnə hamam, köhnə tas...”
 
 
""Xəzər TV"  göstərir ki, İtaliyanı su basıb. Burdan-bura Ramananı su yuyub aparır, danışan yoxdur”
 
Ramana sakini Sevil Ağayevanın üç uşağı var. O, daha çox öz övladları üçün narahatdır: "Evin döşəməsindən su pıqqıldayıb çıxır. Bütün gecəni yatmamışam, soyuducunu da söndürmüşəm ki, uşaqlar gecə oyanar, ayağını yerə basar elektrik cərəyanı vurar. Evim də bir kubikdəndi, hər tərəfdən çatlayıb, gecənin birində uçub uşaqlarımın başına tökülsə, onları mənə kim qaytaracaq?”
 
Sevil Ağayeva deyir ki, hər il bələdiyyəyə torpaq pulu ödəyir: "Lakin problem üçün müraciət edəndə deyirlər ki, yaşadığınız yer bizim əraziyə daxil deyil. Məndən hər il bu pulu alırlarsa, mənim həyətimi su basanda niyə gəlib baxmırlar? Pulu alıb yeyirlər, demirəm yeməsinlər, yesinlər, amma bu kasıb-kusuba da bir gün ağlasınlar...” 
 
 
 
Qanunsuz torpaqlarda ev tikənlərdən İcra Hakimiyyəti 3 min manat pul istəyir? 
 
"İcradan bizə deyirlər ki, ora qanunsuz torpaqlardır, amma burda bir nəfər evini düzəldən kimi 3 min manat pul istəyirlər”, - adının çəkilməsini istəməyən Ramana sakinlərindən biri belə deyir. 
 
Onun sözlərinə görə, icra nümayəndələri kommunal xidmətlərin pulunu sakinlərdən alır, etiraz üçün qapılarını döyəndə isə o torpaqlarda məskunlaşmağın qanunsuz olduğunu əsas gətirərək sakinləri geri göndərir. 
 
"Toplum TV” problemlə bağlı rəsmi qurumlardan cavab almağa çalışıb. 
 
 "Azərsu”, Sabunçu Rayon İcra Hakimiyyəti, Ramana Bələdiyyəsi... 
 
 
"Azərsu” ASC-nin "Qaynar xətti"nin operatoru şikayətlə bağlı aidiyyatı şöbələrə müraciət olunacağını bildirib. 
 
Həmin qurumun tabeliyində olan Sabunçu Rayon Sukanal İdarəsinin mühəndisi Elman Nəsirovun sözlərinə görə, kanalizasiya sisteminin çəkilməsinə yerli Sukanal İdarəsi nəzarət etmir. 
 
Mühəndis bildirib ki, kanalizasiyanın çəkilməsi layihəsi Nazirlər Kabinetində təsdiq olunur, "Azərsu” da onu icra edir. Əgər kanalizasiya problem yaradırsa, yerli Sukanal İdarəsi onun xidmətini aparır. 
 
Kanalizasiya çəkilişi ilə bağlı "Azərsu”nun Sutikinti İdarəsi var, yeni xətlərin quraşdırılıb-quraşdırılmayacağını onlar deyə bilər. 
 
"Sakinlər ev tikəndə bilirdilər ki, orada vəziyyət necədir. Coğrafi cəhətdən oranın kordinatları dəniz səviyyəsindən aşağıdır. Onlar ora köçəndə bilirdilər ki, bir balaca yağış yağan kimi evlər suyun altında qalır. Kanalizasiya sistemi çəkiləcək. Düzdür, amma sukanal idarəsi olaraq nə vaxt çəkiləcəyini heç özümüz də bilmirik”, - belə deyib. 
 
"Azərsu" ASC-nin Sutikinti İdarəsi zənglərə cavab verməyib. 
 
"Yağış sularına "Azərsu” nəzarət etmir...
 
 
Qurumun mətbuat katibi Anar Cəbrayıllı isə "Toplum TV"yə deyib ki, "Azərsu”nun Ramanada infrastrukturu yoxdur, ona görə də bu barədə heç nə deyə bilməz: "Masallının hansısa kəndində yağış, sel olacaqsa, ona mən baxmalıyam? Ramana da Masallı kimi bir yerdir. Mənim orada infrastrukturum yoxdursa, ora necə baxa bilərəm?” 
 
Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işçisi İradə Ağazadə icra nümayəndəsinin yerində olmadığını deyərək suallara cavab verməyib. 
 
 
Sabunçu Rayon İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Vidadi Səlimov isə şikayətçilərin yaşadığı ünvanı və əlaqə nömrələrini istəyib. 
 
O bildirib ki, problemlə əlaqədar İcra Hakimiyyətinin Ramana qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədova tapşırıq veriləcək.

Facebook