Şahidlər Faiq Əmirlini tanımadı - Video

Faiq Əmirlinin məhkəmə prosesi şahid ifadələri ilə davam edib

İyunun 12-də Səbail rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, “ Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Rakurs TV-nin məlumatına görə, Səbail Rayon Məhkəməsində keçirilən prosesə hakim Aytən Əliyeva sədrlik edib.

Prosesdə F. Əmirlinin özü və vəkilləri Fəxrəddin Mehdiyev, Aqil Layıcov, iddiaçının nümayəndəsi Elçin İsayev, dövlət ittihamçısı Vüsal Abdullayev, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə zala dəvət olunan şahid Sevda Muradova həkim işlədiyini və sözügedən qəzetə ancaq reklam yerləşdirmək üçün müraciət etdiyini deyib. O, F. Əmirlini tanımadığını bildirib.

Şahid Vidadi Məmmədov 2004-cü ildə “Azadlıq” qəzeti ilə əməkdaşlıq etdiyini, maaşları hər zaman Faiq Əmirlinin verdiyini bildirib. Şahid Cavanşir Süleymanov nəyə görə məhkəməyə çağırıldığını anlamadığını, şahid Kamil Hüseynov isə qəzetə kisə satışı üçün elan verdiyini, Əmirlini əvvəllər tanımadığını deyib. Həmçinin digər şahidlər – Həsən Babaxanov, Nizam Nizamov, Sevdiyar İmanov, Samir İsgəndərov, Elgün Qarayev də ancaq “Azadlıq” qəzetinə çalışdıqları iş yerləri ilə bağlı, elan üçün müraciət etdiklərini deyiblər.

Hakim Aytən Əliyeva növbəti prosesin iyunun 19-da saat 12-də davam edəcəyini elan edib.

Faiq Əmirli ötən ilin avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona CM-nin 283.1-ci maddəsi (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə) üzrə ittiham irəli sürülüb. Daha sonra CM-nin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub.