Sabiq nazir həbsdə qaldı

Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Qərara əsasən, Ə.İnsanovun şikayəti təmin edilməyib, qərar qüvvədə saxlanılıb.

Əli İnsanov özü məhkəməyə müraciət edərək prosesdə iştirak etməkdən imtina etdiyini bildirib.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. O sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 11 il azadlıqdan məhrum edilib.

2016-cı ilin oktyabrında həbsdən çıxmasına bir neçə gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi).

2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi həbsdə olan sabiq nazirə yeni həbs qərarı çıxarıb.

2017-ci il aprelin 26-da Bakının Qaradağ rayon Məhkəməsinin hökmü ilə İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib.

Keçmiş nazir Qaradağ rayon Məhkəməsinin hökmünü onun həbsdən buraxılmaması üçün “uydurulmuş ittihama verilən ədalətsiz hökm” adlandırıb.

”Onlara çatdırın ki, siz heç zaman dəmir barmaqlıqlar arxasında Əli İnsanovun kədərli heykəlini görməyəcəksiniz. Əli İnsanov mübarizə adamıdır, xalqının azadlığı və firəvanlığı uğrunda dəmir barmaqlıqlar arxasında da mübarizəsini aparacaq. Əli İnsanov ölümlə rəqs edənlərdəndir. Onu heç nə qorxutmur. Bu həbsi də iki prezident seçkisinə hesablayıbsınız”, İnsanov qeyd edib.

Bakı Apellyasiya Məhkəməsi 2017-ci il iyunun 22-də hakim Əflatun Qasımovun sədrliyi ilə keçmiş səhiyyə nazirinin 7 il 5 gün azadlıqdan məhrum edilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinin hökmündən verilən şikayəti təmin etməyib. Bundan sonra İnsanov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıb.

Əli İnsanov bütün məhkəmələrində hazırki iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib.