Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bütün qruplar üzrə ixtisas seçimi iyulun 29-dan başlayır. Seçim avqustun 10-na qədər davam edəcək.

Müsabiqəyə buraxılanlar ixtisas seçimi üçün “Abituriyent” jurnalının 2-ci və 4-cü saylarından istifadə etməlidirlər. Jurnalın 2-ci sayında ixtisas balları, 4-cü sayında istə ixtisasların kodları dərc olunib.

I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.

II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.