Saakaşvilinin həyat yoldaşı : “Onu Gürcüstana verəcəklər”

Kiyev hökuməti Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilini Tiflisə ekstradisiya etmək istəyir.

Xarici mediaya istinadla xəbər verilir ki, bu sözləri Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs deyib.

O bildirib ki, Kiyev və Tiflis bununla bağlı danışıqlar aparır: “Mən ümid edirəm ki, bu günkü məhkəmə prosesində ədalətli qərar qəbul olunacaq. Ancaq reallıq budur ki, məhkəmə qərarı artıq Kiyev hökuməti tərəfindən müəyyənləşdirilib və onu həbs edəcəklər. Ola bilər, Saakaşvili ev dustaqlığına verilsin və bu, ekstradisiya danışıqlarının başa çatmasına qədər uzadılsın”.

Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu Mixail Saakaşviliyə qarşı dövlət çevrilişinə cəhd, cinayətkar qruplaşmalara kömək və onların cinayətlərinin gizlədilməsi kimi rəsmi ittiham irəli sürüb. Saakaşvili dekabrın 8-i Kiyevdə saxlanılıb.