Saakaşvilinin ekstradisiyası ilə bağlı Ukraynaya müraciət edilib

Gürcüstan dövləti keçmiş prezident və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin həbsi və ekstradisiyası barədə Ukraynaya müraciət edib.

“lenta.ru”ya istinadən verilən xəbərə görə, bunu Ukrayna ədliyyə nazirinin müavini Sergey Petuxov deyib. "Ukrayna Mixail Saakaşvilinin axtarışı, nəzarət altına alınması və ekstradisiyası barədə sorğu alıb. Gürcüstan Baş Prokurorluğunun sorğusu Ukrayna Ədliyyə Nazirliyi və Baş Prokurorluğuna ünvanlanıb", - deyə o, bildirib. 

S. Petuxov M. Saakaşvili haqqında ekstradisiya yoxlaması başlandığını açıqlayıb. O qeyd edib ki, Gürcüstan Baş Prokurorluğu M. Saakaşvilinin siyasi motivlə təqib olunmayacağı və üçüncü ölkələrə təhvil verilməyəcəyi barədə təminat verir.

Qeyd edək ki, iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Hazırda Avropada olan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya geri dönəcəyini açıqlayıb.