Saakaşvili məhkəmədə: Əsil prezident necə olur, göstərəcəyəm - Video

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Kiyev məhkəməsinə gətirilib.

Xarici mediaya istinadla xəbər verilir ki, məhkəmə prosesi yerli vaxtla 11:00-da başlayacaq.

Bu səbəbdən məhkəmə binası qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu Mixail Saakaşviliyə qarşı dövlət çevrilişinə cəhd, cinayətkar qruplaşmalara kömək və onların cinayətlərinin gizlədilməsi kimi rəsmi ittiham irəli sürüb. Saakaşvili dekabrın 8-i Kiyevdə saxlanılıb.

***

14:45

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin məhkəməsi başlayıb.

Məhkəmə planlaşdırıldığından yarım saat gec başlayıb. Buna səbəb məhkəmə binasında insidentin baş verməsi olub. Saakaşvili tərəfdarları binaya qumbara atıblar. Bundan sonra polis hərəkətə keçib.

Qeyd edilib ki, hazırda bina önündə sabiq qubernatorun yüzlərlə tərəfdarı yığışıb.

***

14:58

Mixail Saakaşvili prokurorun ona qarşı irəli sürdüyü ittihamları qəbul etməyib.

O, məhkəmədə çıxışı zamanı özünü hərbi əsir adlandırıb:

"Mən saxlanılan şəxs deyiləm, özümü hərbi əsir hesab edirəm".

Bu arada, Saakaşviliyə dəstək vermək məqsədi ilə Ukraynanın "Batkivşina" fraksiyasının rəhbəri Yuliya Timoşenko da məhkəmə zalına gəlib.

***

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili aclıq aksiyasını davam etdirəcəyini açıqlayıb.

O bildirib ki, aclıq aksiyası azadlığa çıxana qədər davam edəcək: "Mən onlara göstərdim ki, əsil prezident necə işləməlidir. İndi də əsil prezidentin necə öləcəyini göstərəcm".