Ş. Hümbətova: Insan Hüquqları - ən yüksək dəyərdir

Ş. Hümbətova: Insan Hüquqları - ən yüksək dəyərdir

Bu il martın 5-də isə Bakı İnzibati Məhkəməsi hakim Aytən Orucovanın sədrliyi ilə Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasını təmin edib.Vəkillər Kollegiyasının iddiasına görə, Şəhla Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib və bu səbəbdən məhkəməyə müraciət olunub.ABŞ Dövlət katibi Entoni Blinken də martın 26-da Şəhla Hümbətova ilə bağlı bəyanat yaymışdı. “2020-ci ildə Beynəlxalq Cəsarətli Qadınlar mükafatının laureatı Şəhla Hümbətovanın insan haqlarının təbliği və müdafiəsi ilə məşğul olduğuna görə kollegiyadan çıxarılması xəbərindən narahat oldum. Şəhlanın quruma təcili bərpasını tələb edirik, onun yanında olacağıq”, – Blinken tvitində yazıb.Beynəlxalq Vəkillər Kollegiyasının İnsan Haqları İnstitutu (BVKİHİ) azərbaycanlı vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarılmasını pisləyir. Qurum bildirir ki, tənqidçilər bu addımı qeyri-adekvat və siyasi motivli hesab edirlər.Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) da Bakı İnzibati Məhkəməsi tərəfindən hüquq müdafiəçisi Şəhla Hümbətovanın vəkillik statusundan məhrum edilməsini pisləyib.Şəhla Hümbətova Vəkilləri Kollegiyasından çıxarılmasının səbəbləri ilə bağlı ASTNA-ya danışıb.

 

Sual: Şəhla xanım, martın 5-də Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının sizin vəkilliyinizə xitam verilməsi ilə bağlı iddiasını təmin edib. Necə qarşıladız bu qərarı?

 

Cavab: Məhkəmə sisteminin necə işləməsinə bələd olduğumdan qərar məni təəcübləndimədi. Başqa qərar gözləmirdim, Bakı İnzibati Məhkəməsindən müstəqil qərar gözləyəcək qədər sadəlövh deyiləm. Məhkəmə Vəkillər Kollegiyasının iddiasını təmin etdi yox, təsdiq etdi desək, daha doğru olar. Bundan əvvəl də insan hüquqlarını müdafiə edən vəkillərin- Xalid Bağırovun, Yalçın İmanovun, Əlayif Həsənovun və digərlərinin Kollegiyadan xaric edilməsi işlərində məhkəmə verilən sifarişi yerinə yetirdiyi kimi, indi də eynisini etdi. 

Sual: Sizcə, sizi niyə vəkillikdən kənarlaşdırdırlar? Rəsmi səbəbi demirəm, fəaliyyətinizdəki hansı məqamlar bu qərarı və ya sifarişi verənləri qıcıqlandırıb?

Cavab: Mənim vəkillikdən uzaqlaşdırılmam insan hüquqları sahəsində yürüdülən siyasətin davamıdır. Ölkədə hakim rejimin siyasətinə qarşı çıxan, hakimiyyəti tənqid edən müxalifətçilər, jurnalistlər, blogerlər, gənc fəallar təqib olunduğu kimi, həmin şəxslərin hüquqlarını müdafiə edən vəkillər də cəzalandırılır. Mənim işim ilk deyil, bu siyasət artıq illərdir ki, davam etdirilir. Məndən əvvəl Elçin Namazov, Yalçın İmanov, Xalid Bağırov, Əlayif Həsənov və digər vəkillər də Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib, mən də gec-tez xaric ediləcəyimi bilirdim, ona görə bu mənim üçün gözlənilməz olmadı. Mehman Hüseynovun işində təzyiqlər başlandı və atrıq onda bilirdim ki, yaxın zamanlarda məndən də canlarını qurtaracaqlar. Mənə deyildi ki, “dövlət maraqlarına zidd hərəkətlərimi dayandırmasan, tədbir görüləcək.”  Elə də oldu. Mehmanın işindən sonra Gəncə işində müdafiəçi idim, elə həmin vaxt vəkillikdən kənarlaşdırıldım. Ümumiyyətlə simvolikdir ki, hər rezonanslı siyasi motivli işdə bir vəkil Vəkillər Kollegiyasından xaric edilir- İlqar Məmmədovun işində Xalid Bağırov çıxarıldı, Leyla Yunusovanın işində onun vəkili Əlayif Həsənov, Nardaran işində Yalçın İmanov,  Gəncə işinin qurbanı isə mən oldum.

Sual: Siz nüfuzlu Beynəlxalq Cəsarətli Qadınlar mükafatını alan ilk azərbaycanlısız. Eyni zamanda sizin fəaliyyətiniz beynəlxalq insan haqları müdafiə təşkilatları və eyni zamanda diplomatik şəxslər tərəfindən ciddi izlənilir. ABŞ Dövlət Katibi Antoni Blinkenin martın 26-da sizinlə bağlı,  eləcə də Beynəlxalq Vəkillər Kollegiyaları Assosiasiyasının İnsan Hüquqları İnstitutunun (IBAHRI) sizin vəkillik fəaliyyətinizə xitam verilməsi ilə bağlı qərarı pisləyən bəyanatları belə deməyə əsas verir. Sizcə, sizi Vəkillər Kollegiyasından çıxaranlar bu bəyanatlardan hansısa ibrət götürəcəklərmi? Və ya bu kimi bəyanatlar sizin işinizə hansısa təsir göstərə bilərmi?

Cavab: Bəli, hələ ilk gündən beynəlxalq reaksiyalar gəldi, bütün nüfuzlu insan hüquqları təşkilatları mənim vəkillikdən çıxarılmağıma etiraz etdi, 42 beynəlxalq təşkilat birgə bəyanat yaydılar, Avropa Şurası, ABŞ Dövlət Departamenti bu situasiyanı pislədi. Keçən ay vəkilliyimə xaric edilməyim məhkəmə tərəfindən təsdiqlənməsi beynəlxalq səviyyədə reaksiyalara səbəb oldu. Bir tərəfdən, bu cür böyük dəstək mənə güc verir və ruhlandırır, amma digər tərəfdən çox məyus edir, ona görə ki, Azərbaycanın  beynəlxalq imicinə mənfi təsir edir. Nəyə görə Azərbaycan bu şəkildə tanınmalıdır? İnsan hüquqları sahəsində olan hər bir təşkilat, dünyada bu sahəyə maraq göstərən hər kəs Azərbaycanı insan haqlarının düşməni kimi tanıyır. Hər ilin yanvar ayında dünyanın hüquq camiəsi- ABŞ və Avropa ölkələrinin vəkil büroları, insan hüquqları təşkilatları müxtəlif təqib olunan, təhlükədə olan vəkillərə həsr olunmuş birgə tədbirlər  və müxtəlif aksiyalar keçirirlər. Bu il həmin tədbirlər Azərbaycana həsr olunmuşdu. Müxtəlif ölkələrin vəkilləri və hüquq müdafiəçiəri bəyanatlar yaydılar, bizim insan hüquqları vəkillərinin təqibinə qarşı etiraz aksiyaları keçirdilər, bütün yanvar ayı konfranslarda və görüşlərdə Azərbaycanda vəkillərə qarşı aparılan repressiya siyasəti müzakirə olundu. Azərbaycan Vəkillər Kollegiyası isə dünyanın bütün nüfuzlu vəkil təşkilatları və hüquq müdafiəçiləri tərəfindən çox mənfi imiclə tanınır, mötəbər hesabatlarda insan hüquqlarını müdafiə edən vəkilləri cəzalandıran orqan kimi təqdim edilir. Əlbəttə ki, istəyərdim ki, tam əksi olsun. Ölkəmiz dünyada insan hüquqlarının qorunduğu və dəyər verildiyi yer kimi tanınsın, insan hüquqlarını müdafiə edən vəkillər isə öz işlərini vicdanla gördüyünə görə cəzalandırılma ilə yox, nümunə olaraq gündəmə gəlsinlər. Mənim işimlə bağlı bəyanatların və beynəlxalq reaksiyaların təsiri də hələ ki, ölkəmizin insan haqları sahəsində onsuz da mənfi olan imicinin daha da pisləşməsi ilə nəticələnib.  Amma hakimiyyət bu mesajları qəbul edib doğru qiymətləndirsə, ən azından konkret bu sahədə vəkillərə qarşı olan repressiya siyasətini dəyişsə, ölkəmizdə vəkilliyin inkişafı üçün də, ölkənin beynəlxalq imici üçün də faydası olar.

Yeri gəlmişkən, ABŞ Dövlə Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair son hesabatında da böyük bir hissə məhz vəkillərə qarşı cəzalandırma siyasətinə həsr olunub və konkret hallar göstərilib.

Sual: ABŞ Dövlət Katibi Antoni Blinkenin bəyanatından sonra hakimiyyət dairələrindən kimsə sizinlə ünsiyyət yaratmağa cəhd edibmi? Yəni bu bəyanata reaksiya necədir?

Cavab: Hakimiyyətin reaksiyasını bilmirəm, ən azından mənimlə bununla bağlı kimsə əlaqə saxlamayıb.

Sual: Ümumiyyətlə, son illər siyasi işlər aparan vəkillərin sayı Vəkillər Kollegiyasında xeyli azalıb. Sizcə, bu siyasəti həyata keçirənlərin məqsədi nədir? Və bu siyasət nə ilə nəticələnə bilər?

Cavab: Bəli, dediyim kimi, artıq neçə illərdir ki, hakimiyyət onu tənqid edən və rejimə qarşı çıxan insanları çəzalandırmaqla yanaşı, həm də həmin adamların müdafiəsini üzərinə götürən vəkilləri də cəzalandırır. Mən vəkilliyə yenə gələndə, siyasi məhbusları, təqib olunan müxalifətçiləri, jurnalistləri, gənc fəalları, din məhbuslarını, hüquq müdafiəçilərini müdafiə edən xeyli sayda vəkil vardı. Onların əksəriyyəti bir-bir sıradan çıxarıldı və indi maraqlansanız görəcəksiniz ki, insan hüquqlarının kobud pozulması ilə müşahidə olunan siyasi motivli işlərdə müdafiəçi qismində çıxış edən cəmi bir neçə vəkil var. Bunların sayı barmaqla sayılacaq qədər qalıb. Məqsəd də elə budur.  Hakimiyyətə qarşı çıxanları müdafiəsiz qoymaq, rahat və sakit şəkildə onlara qarşı istədikləri özbaşınalığı və qanunsuzluğu etmək, bunların ictimailəşdirilməsinin qarşısını almaq, beynəlxalq instansiyalara çıxışı əngəlləmək. Digər tərəfdən isə vəkillərə göz dağı verib onları belə işləri götürməkdən çəkindirmək. Xatırlayıram ki, Nardaran işində müdafiəçi çatmırdı, həbs olunanlar çox idi, yaxınları vəkil tapa bilmirdilər. Məndən xahiş etdilər ki, müdafiəsiz qalan dindarlar üçün vəkil tapım. Mən hörmət etdiyim, cəsarətli və vicdanlı vəkil kimi tanıdığım bir kolleqamıza yazıb soruşdum. Cavab bu oldu ki, “bəs sonra mənim uşaqlarımı kim saxlayacaq?”. Bu klassik cavabdır və bugünki Azərbaycan vəkilliyinin vəziyyətini çox yaxşı təsvir edir. Vəkil çox peşakar vəkillərdəndir və bilir ki, işi götürsə vicdanla və keyfiyyətlə edəcək,  bu isə cəzasız qalmayacaq. Vəziyyət budur. Vəkillərin təqib edilməsi siyasətinin məqsədi də elə bu idi. Baxın, son bir neçə ildə vəkillərin sayı xeyli dərəcədə artıb. Amma siyasi motivli işlərdə vəkillərin sayının artmasını görürsünüzmü? Yox. Vəkillər Kollegiyasına üzv qəbul edilmiş vəkillərdən heç kim bu işlərə çıxmır, “təhlükəli” işləri rahat və təhlükəsiz işlərdən ayıra bilirlər. Vəkillər Kollegiyasının üzvlərinin ümumi sayı artdıqca insan hüquqlarını müdafiə edən vəkillərin sayı azalır. Bugünkü vəkilliyin inkişaf formulası budur. Bir vəkildən “insan hüquqları yaxşı şeydir amma dövlətimizin öz maraqları var” deməsindən acınacaqlı nə ola bilər? İnsan hüquqlarının ali dəyər olduğunu, istənilən dövlətin ən üstün marağı elə insan hüquqlarını təmin etmək olduğunu vəkil anlamırsa, bu çox məyusedicidir.

Facebook