Rusiyada "Mc Donalds" restoranlarına sanksiya tətbiq oluna bilər

Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkovun Macdonalds restoranlar şəbəkəsinə səhiyyə sanksiyalarının tətbiq olunmasını təklif etdiyi bildirilib.

Rusiyanın "360-cı kanalı"nın bildirdiyinə görə, Puşkov bu təklifini ABŞ-ın Luiziana ştatında yerləşən bir restorandakı qeyri-sağlam şərait və çirkli mühitin çəkildiyi fotoların internetdə paylaşılmasından sonra edib.

Aleksey Puşkov Rusiyadakı Macdonalds restoranlarında qeyri-sağlam amillərin aşkar edilməsi halında, tez bişirilən qidalar şəbəkəsinə qarşı, bağlanma da daxil olmaqla, ciddi tədbirlər görəcəyini deyib. Rusiya rəsmisi bu addımın ABŞ-ın sanksiya siyasətinə veriləcək cavablardan biri ola biləcəyini bildirib.

“Şirkətin bir şöbəsində hər kəsdə qəzəbə səbəb olan pozuntular ortaya çıxsa, bu vəziyyət bütün şöbələr üçün də aid ediləcək. Rusiyadakı bütün Macdonalds restoranlarına ciddi nəzarət edilməlidir və pozuntulara göz yummamaq lazımdır”, - deyə Puşkov bildirib. (sputnik.az)