Rusiyada insan haqları qrupu bağlanır

Rusiyada insan haqları qrupu bağlanır

Ötən il dekabrın 28-də Ponomaryovun adı Ədliyyə Nazirliyinin “xarici agent”in funksiyasını icra etməkdə suçlanan media siyahısına salınıb

 

Rusiyalı veteran fəal Lev Ponomaryov qalmaqallı “xarici agentlər” qanununa görə insan haqları təşkilatını bağlayıb.

Ponomaryov bu haqda martın 1-də televiziyaya müsahibəsində məlumat verib. Sözügedən qanunun pozulmasına görə cərimələr dünəndən qüvvəyə minib.

 

“Minlərlə ekspert kütləvi cərimələnə bilər”

İnsan Haqları Uğrunda QHT 2019-cu ildə təsis olunub, amma qeydiyyata alınmayıb. Onda Ali Məhkəmə fəalın adını daşıyan hərəkatın ləğvinə dair qərar çıxarmışdı. Hərəkat 20 ildən çox insan haqlarının monitorinqi və təbliği ilə məşğul idi.

Ponomaryov hərəkatı xarici agent kimi qeydiyyatdan keçirməkdən imtina etdiyi üçün bağlanıb. Bu tələbi 2012-ci ildə qəbul olunmuş qanun xaricdən maliyyə yardımı alan və hökumətin mövqeyinə görə siyasi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları qarşısında qoyub.

2020-ci ilin sonunda qanunvericiliyə dəyişiklik Rusiya hökumətinə fərdləri “xarici agent” siyahısına salmaq və onlara qadağa qoymaq imkanı verir.

Ponomaryov martın 1-də deyib ki, indi qanun qeydiyyata alınmayan təşkilatları da hədəfə alır və onun təşkilatının fəaliyyətini davam etdirməsi mümkünsüzdür.

“Burada böyük bir problemimiz var. Elə bir vəziyyət yaranıb ki, ölkədə mənim təşkilatım üçün işləyən minlərlə ekspert kütləvi cərimələnə bilər”, – o vurğulayıb.

 

Memorial-ın qurulmasına kömək edib

97 yaşlı Ponomaryov sovet vaxtı deputat olub. Sonradan Dövlət Dumasının üzvü kimi Memorial insan haqlarının qurulmasına kömək edib. 1991-ci ildə isə Dumanın ovaxtkı prezident Mixail Qorbaçova qarşı avqust çevriliş cəhdi üzrə təhqiqatına rəhbərlik edib.

Ötən il dekabrın 28-də onun adı Rusiya Ədliyyə Nazirliyinin “xarici agent”in funksiyasını icra etməkdə suçlanan media siyahısına salınıb. Hökumət bu addımını izah etməyib.

Qərb hökumətləri, yerli və beynəlxalq insan haqları qrupları Rusiyanın xarici agent qanunvericiliyini pisləyib, bunu Prezident Vladimir Putinin narazıları susdurmaq cəhdi adlandırıb. “Human Rights Watch” təşkilatı qanunları “məhdudlaşdırıcı” hesab edir, “müstəqil qrupları qaralamaq” niyyəti güddüyünü bildirir.

Facebook