Rusiyada hostellərə qadağa ilə bağlı qanun qüvvəyə minib

Rusiyada yaşayış binalarında hostellərə qadağa qüvvəyə minib.
 
Bu barədə Azadlıq Radiosu xəbər verib.
 
Yeni qaydalara görə, hostellər yalnız birinci mərtəbələrdə, yaşayış üçün nəzərdə tutulmayan sahələrdə yerləşə bilər, girişi də ayrı olmalıdır.
 
Bundan başqa, hostel səs izolyasiyası, siqnalizasiya, seyflərlə təmin olunmalı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməlidir. Kommersiya binasına hostel açmaqla bağlı binanın sakinləri qərar verməlidir.
 
Müvafiq qanunu Dövlət Duması martın 6-da qəbul edib. Layihə müəllifləri israr edirdilər ki, hostellər çoxmənzilli binaların sakinlərinə mane olur.
 
Qanunun qüvvəyə minməsi isə oktyabrın 1-dək ertələndi. Bu barədə Duma ilə Federasiya Şurasının razılığa gəldiyi bildirilirdi. Şuranın sədri Valentina Matviyenko bəyan etmişdi ki, qanunun sivil icrası üçün biznesə vaxt gərəkdir.