Ruhullah Axundzadənin səhhəti təhlükədədir, müraciət etsək də baxmırlar - Video

Azərbaycanda siyasi məhbus ailələrinin maddi və mənəvi durumunun necə olması heç kəsə sirr deyil. Bu dəfəki həmsöhbətimiz Azərbaycan İslam Partiyasının üzvü Ruhulla Axundzadənin ailəsidir.

Xatırladaq ki, Azərbaycan İslam Partiyasının üzvü R.Axundzadə 2011-ci ildə saxlanılıb. Yayılan məlumatda bildirilir ki, Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində onun həyətindəki saxlanc yerindən 4 ədəd AKM markalı avtomat, 1 ədəd "Naqan" tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd F-1, 4 ədəd RQD-5 tipli əl qumbarası, 10 ədəd UZRQM tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb. Eyni zamanda, götürmə zamanı görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 ədəd alışdırıcı və 1 ədəd RQD-5 tipli qumbara mütəxəssislər tərəfindən partladılıb. R.Axundzadənin barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi açılıb və o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
R.Axundzadənin oğlu Məhəmmədəli Axundzadə 2015-ci ilin 28 dekabr tarixində Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. M.Axundzadə barəsində Cinayət Məcəlləsinin 234.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi başlanıb.