Ruhulla Axundzadə aclıq aksiyasına başlayıb

Azərbaycan İslam Partiyasının Astara rayon təşkilatının sədri, siyasi məhbus Ruhulla Axundzadə saxlandığı 15 saylı cəza çəkmə müəssisəsində aclıq aksiyasına başlayıb.

 

Operativ.tv "Faktxeber.com" saytına istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev feysbuk səhifəsində paylaşım edib.

 

O.Gülalıyev bildirir ki, Axundzadə bu addımı cərimə təcridxanasına salınmasına etiraz əlaməti olaraq atıb.

 

"Atasına dəstək olaraq digər siyasi məhbus, Ruhulla Axundzadənin həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də sabahdan aclıq aksiyasına başlayacağını bildirib", - deyə Gülalıyev bildirir.

 

Qeyd edək ki, Ruhulla Axundzadə 8 ildir həbsdədir. 2013-cü ildə ürəyindən əməliyyat olunub. Səhhətində ciddi problemlər var. Hər gün dərmanlar qəbul edir. Onun cərimə təcridxanasında saxlanması və aclıq aksiyası keçirməsi həyatı üçün təhlükəlidir.

 

Ruhulla Axundzadənin saqqalının qırxılması tələbinə əməl etmədiyi üçün cərimə təcridxanasına salındığı bildirilir.