Rüfət Səfərovun aclığa başladığı deyilir

9 saylı Cəzaçəkmə Müəssisində saxlanan hüquqşünas Rüfət Səfərovun sentyabrın 21-də qeyri-müəyyən müddətə aclığa başladığı bildirilir.
 
Azadlıq Radiosunun yazdığna görə, bu barədə Rüfət Səfərovun anası Tahirə Səfərova məlumat yayıb.
 
"Dustaqlara göstərilən qeyri-insani münasibətə, işgəncələrə, əsassız təyin edilən "kars"lara, məhkumların imtiyazlı və imtiyazsız siniflərə bölünməsinə etiraz olaraq hüquqşünas Rüfət Səfərov aclığa başlayıb", - T.Səfərova qeyd edib.
 
T.Səfərovanın sözlərinə görə, sentyabrın 21-də Qırmızı Xaş Komitəsinin nümayəndələri R.Səfərova baş çəkib.
 
Penitensiar Xidmətdən hələlik T.Səfərovanın bu açıqlamasına münasibət almaq mümkün olmayıb. Ancaq Xidmət, bir qayda olaraq, öz açıqlamalarında təcridxana və cəzaçəkmə yerlərində işgəncə şikayətlərini qəbul etmir. Üstəlik, cəzaçəkmə yerlərində rüşvət və başqa qanunsuz əməllərə də yol verilmədiyini vurğulayır.
 
R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemində vəziyyəti tənqid edərək işdən çıxdığını bəyan edib. Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub.
 
2015-ci il dekabrın sonunda R.Səfərov saxlanılıb və təkrar rüşvət almaqda təqsirli bilinərək, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərov barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı verib.
 
R.Səfərov keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur. O, verilən ittihamı qəbul etmir.
 
Onun bu ilin yanvarında bir məhbusla mübahisə zəminində cərimə kamerasına (kars) salındığı bildirilirdi. Ancaq keçmiş müstəntiq həmin vaxt təxribata çəkildiyini bildirirdi.