Rəsulzadənin barelyefində kobud səhv - FOTO

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin vaxtilə Novxanıda yaşadığı evinin önündən oğurlanmış barelyefinin yerinə yanvarın 25-də yenisi vurulub.

 

Bu barədə Novxanı bələdiyyəsindən məlumat verilib. Bildirilib ki, yeni barelyef mərmərdən düzəldilib.

 

Ancaq yeni barelyefdə qeyd edilən sözlər sosial şəbəkələrdə ciddi narazılıq doğurub. Belə ki, Novxanı bələdiyyəsinin hazırlatdığı mərmər barelyefdə “Azərbaycan Dövlət Cümhuriyyəti” sözlərinin yazılmasına etiraz edilib. 

 

Halbuki, barelyefdə “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Demokratik Respublikası” və ya sadəcə “Azərbaycan Cümhuriyyəti” yazıla bilərdi.

 

Barelyefdə Məhəmməd Əmin Rəsulzadənin ad-soyadının da qısaldılaraq “Məmmədəmin Rəzulzadə” kimi yazılması da sosial şəbəkələrdə narazılıq doğuran digər amil olub.

 

Ümumiyyətlə, barelyefdəki sözlərin savadsızcasına yazıldığını bildirən sosial şəbəkə istifadəçiləri Novxanı bələdiyyəsinin bu hərəkətini pisləyiblər.

 

Xatırladaq ki, yanvarın 15-nə keçən gecə Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanmışdı.