Rәsul Cәfәrov: "Mәhkumlara dәrmanların, sәrinkeşlәrin verilmәsi problemlәrin hәlli demәk deyil"

“Bu gün Azərbaycanda 148 siyasi məhbus var. Çox təəssüflər olsun ki, hazırda bu siyasi məhbuslara qarşı hökumət qeyri-qanuni addımlar atmağa başlayıb. Xəstələrin dərmanını vermir, səbəbsiz yerə “kars” a salırlar siyasi dustaqları.”

Bu sözləri Rakus TV-yə açıqlama verən hüquq müdafiəçisi Rəsul Cəfərov deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, onlar bütün baş verənləri beynəlxalq ictimaiyyətə çatdırırlar: “Biz bütün səylərimizi səfərbər edib ölkədə baş verən bu qanunsuzluqlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırırıq. Yaxın günlərdə Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Azərbaycana səfər edəcək, səfər zamanı müzakirə olunan əsas məsələlərdən biri də ölkəmizdəki siyasi dustaqlar olacaq.”

“Hüquq müdafiəçisi İqtidarın siyasi rəqiblərinə qarşı sərgilədiyi bu mövqəyə görə gələcəkdə sanksiyalara məruz qalma ehtimalına da aydınlıq gətirdi: Bu barədə nəsə dəqiq bir söz demək çətindir, mənə görə belə bir ehtimal azdır. Çünki hazırda gündəm, Venesuella, Şimali Koreya, Yaxın Şərq, Suriya, Rusiyadır. Amma biz sanksiyaları tam olaraq istisna da edə bilmərik, hər şey baş verə bilər.

2015-ci ildə ABŞ-da Azərbaycanla bağlı qəbul olunan demokratiya aktını da heç kim gözləmirdi. Bu Azərbaycan üçün bir mesaj idi. Azərbaycan iqtidarı vəziyyəti bu həddə çatdırmamalıdır. Əgər sanksiyalar olacaqsa onun fəsadlarını aradan qaldırmaq çox çətin olacaq.” Rəsul Cəfərovun sözlərinə görə problemin həlli üçün ölkədə bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır”

“Məhkumalara dərmanların, sərinkeşin verilməsi problemin həll olunması anlamına gəlməyəcək. Problemlərin həll olunması üçün gərək bütün siyasi məhbuslar azadlığa buraxılsın və bundan sonra heç kəs siyasi fikrinə görə təqib olunub həbs olunmasın. Bunların həyata keçməsi hökumətin də xeyrinə olacaq. Onsuz da hazırda ölkə iqtisadi-sosial problemlərlə üz-üzə qalıb. Geopolitik vəziyyət də yaxşı deyil, rusiyanın Qarabağ məsələsi ilə bağlı son zamanlar atdığı addımlar narahatlıq doğurmaqdadır. Belə olan halda ölkə daxilində azadlıqlar olmalıdır. Müxalifətin, müstəqil jurnalistlərin səsi batırılmamalı, əksinə onlar dinlənməlidir. Problemlərdən əsas çıxış yolu budur.”