Roma papası ABŞ Prezidentini "səfeh" adlandırıb

Roma papası Fransis qlobal iqlim dəyişikliyini inkar edənləri "səfeh" adlandırıb.

"Aljazeera"-ya istinadən xəbər verilir ki, ABŞ, Meksika və Karib sahillərini cənginə alan qasırğalarla bağlı danışan dünya katoliklərinin lideri iqlim dəyişikliyini inkar edən siyasətçiləri elm adamlarına müraciət etməyə çağırıb. O, artmaqda olan təbii fəlakət hallarının əsas səbəbi kimi göstərilən qlobal iqlim dəyişikliyini inkar edən siyasətçiləri kəskin tənqid edib və onları səfeh adlandırıb.

Kolumbiyaya beş günlük səfərdən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verən Papa Fransis deyib: "İqlim dəyişikliyini inkar edənlər gərək elm adamlarına müraciət etsinlər. Alimlər bu mövzuda olduqca aydın danışırlar. Əhdi-ətiqdəki bu ayələr yadıma düşür: "İnsan səfehdir, o inadkardır və haqqı görmür".

Qeyd edək ki, ABŞ Prezidenti Donlad Tramp çıxışlarında tez-tez qlobal iqlim dəyişikliyini inkar edir. Seçkiqabağı kampaniyasında da bunu həmişə dilə gətirib. Prezident seçildikdən sonra da dəfələrlə bu barədə çıxışlar edib.