Rohingiya silahlıları: "Biz terrorçu təşkilat deyilik"

Rohingiyada faəliyyət göstərən yerli müsəlmanlardan ibarət silahlı qruplaşma hər hansı terror təşkilatı ilə əlaqəsinin olmadığını bəyan edib.

"Dailystar"-a istinadla xəbər verilir ki, internetdə müraciət yayan Arakan və Rohingiyanın Xilası Ordusu (ARXO) adlı silahlı qruplaşma bölgədə yalnız müsəlman azlığı buddistlərin və Myanma ordusunun zorakılıqlarından qorumaq üçün fəaliyyət göstərdiyini vurğulayıb.

"ARXO olaraq bəyan edirik ki, bizim "əl-Qaidə", İŞİD, "Ləşkəri-Taliban" kimi beynəlxalq terrorçu təşkilatlarla heç bir əlaqəmiz yoxdur. Biz adlarını qeyd etdiyimiz bu təşkilatların heç birinin Arakandakı münaqişəyə müdaxilə etmələrini dəstəkləmirik. ARXO region dövlətlərinə müraciət edərək tələb edir ki, həmin terrorçu təşkilatların Arakana daxil olmalarına və onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirmələrinə imkan verməsinlər", - deyə qruplaşmanın "Twitter"-dəki səhifəsində qeyd olunub.

Qeyd edək ki, ARXO tez-tez özünün terrorçu təşkilat olmadığını bəyan edən məlumatlar yayır. Myanma hökuməti isə qruplaşmanın ölkənin cənubundakı fəaliyyətlərini əsas gətirərək Arakan bölgəsinə qoşun yeridib.