"Rəis müavini tərpənməyim deyə ayağını başıma qoydu, rəis isə tokvermə aparatı ilə mənə tok verdi"

Rakurs TV-nin verdiyi məlumata görə, oktyabrın 12-də Bakı apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının üzvü Rəvan İsmayılovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə R. İsmayılov və onun vəkili Yalçın İmanov iştirak ediblər. 

Rəvan İsmayılov məhkəmədə onu 4 oktyabr Sabunçu rayon Məhkəməsinin qərarından sonra Binəqədidə inzibati həbs olunanların saxlanma məntəqəsinə yox, Sabunçu Rayon Polis İdarəsinə aparıldığını bildirib:

“Məhkəmədən məni birbaşa idarənin rəis müavinin otağına apardılar. Əllərim qandallı vəziyyətdə idi. Rəis Eldar İsmayılov da sonradan gəlib çıxdı. Məni yerə yıxdılar. Rəis özü əlində tokvermə aparatı ilə mənə tok verməyə başladı, müavini isə ayağını tərpənməyim deyə başıma qoymuşdu. O mənə pis söyüşlər söyərək “Sən kimsən mitinqə gedirsən, Tale Bağırovu müdafiə edirsən? Səni də, ailəni də, vəkilini də (........) edərik. Düz yarım saat mənə işgəncə verdilər. İşgəncə prosesində rəis, müavini və başqa bir idmançı görünüşlü polis əməkdaşı da iştirak edirdi. Ondan sonra məni Binəqədidəki inzibati həbs olunanların saxlanma məntəqəsinə apardılar”. 

Qısa sürən müşavirədən sonra hakim şikayətin təmin edilmədiyini elan edib.

Qeyd edək ki, Müsəlman Birliyi Hərəkatının üzvü Rəvan İsmayılov oktyabrın 4-də polis əməkdaşları tərəfindən evindən aparılıb. Məhkəmə onu 535.1-ci (Polisin qanuni əmrinə tabesizlik) maddəni pozmaqda təqsirli bilərək, 30 sutka azadlıqda məhrum edib. Həbsinin səbəbi kimi mitinqlərdə və “Nardaran işi” üzrə keçirilən məhkəmələrdə fəal iştirak etməsi olduğu bildirilir.