“Rəhim Qazıyev prezident olmaq istəyirdi”

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov sabiq müdafiə naziri Rəhim Qazıyevin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

A.Mütəllibov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Rəhim Qazıyev 1992-ci ildə Daşkənddə Rusiya prezidenti Boris Yeltsinlə görüş zamanı onun haqqında yalan məlumatlar verib:

“Rəhim Qazıyevi Daşkəndə, Boris Yeltsinin də iştirak etdiyi toplantıya mən göndərmişdim. Ancaq Rəhim Qazıyev həmin iclasda Boris Yeltsinə yaxınlaşaraq, mənim haqqımda ona mənfi fikirlər çatdırıb. Rəhim Qazıyev Yeltsinə demişdi ki, guya Ayaz Mütəllibov anti-demokratdır və Qorbaçovu dəstəkləyir və sairə. Rəhim Qazıyev bunu indi də açıq şəkildə etiraf edir. Sonradan mənə Moskvada dedilər ki, Rəhim Qazıyev Boris Yeltsinə mənim adımdan olmayan fikirlər də çatdırıb. Yalandan deyib ki, guya Ayaz Mütəllibov Boris Yeltsini “dəli” adlandırır və sairə. Guya mən demişəm ki, Boris Yeltsin dəlidir. Ancaq Rəhim Qazıyev yalan danışıb, mən heç vaxt belə söz deməmişəm. Bütün bunları mənə Moskvada yaşadığım zaman bir nəfər demişdi. Bu barədə məlumatı Pavel Qraçov da mənə bildirmişdi. Həmin ərəfədə mən Moskvada Pavel Qraçovla təsadüfən görüşmüşəm. Həmin görüş zamanı mən Pavel Qraçova öz iradımı bildirmişəm. O da mənə dedi ki, biz Rəhim Qazıyevlə Daşkənddə görüşdük. Həmin görüş zamanı Rəhim Qazıyev Boris Yeltsinlə görüşməkdə təkid edib. Pavel Qraçov da onları görüşdürüb. Görüş zamanı Rəhim Qazıyev Yeltsinə Ayaz Mütəllibovun guya hələ də kommunist olmasını və Qorbaçovu dəstəklədiyini bildirib. Bununla da mənim hakimiyyətdən getməyimə zəmin yaradıblar”.

A.Mütəllibov Rəhim Qazıyevin hakimiyyətə gəlmək iddiasının da olduğunu söyləyib:

“Rəhim Qazıyevin hakimiyyətə gəlmək və prezident olmaq iddiası ola bilərdi. Əslində, Rəhim Qazıyev bunu öz müsahibəsində də dolayısı ilə etiraf edir. Rəhim Qazıyev məhz nəyə görə istefa verib? O, hakimiyyətə gəlmək istəyirdi. Məni və digərlərini “gözdən salmaq” siyasəti yürüdərək Rusiyanın razılığına almaq istəyirdi. Mən hakimiyyətdə olanda Rəhim Qazıyev və digərləri tərəfindən təhqirə məruz qalırdım. Biz Rəhim Qazıyev və başqalarını “radikal müxalifət” adlandırırdıq. Ancaq onların əsas məqsədi Azərbaycanda hakimiyyət dəyişikliyi etmək, məni devirmək və Xalq Cəbhəsini kənarda qoymaq idi. O zaman Rəhim Qazıyev Xalq Cəbhəsindən də istefa vermişdi. Bütün bunların əsas səbəbi də Qarabağ məsələsində mənim aciz olmamağım idi. Həmin dövrdə mən hakimiyyətdə qalsaydım, Qarabağ problemini həll edəcəkdim. Bunu da çoxları yaxşı bilirdi. Ona görə də mənim hakimiyyətdə qalmağıma imkan verilmədi. Düşünürdülər ki, Ayaz Mütəllibov Qarabağ problemini həll etsə, biz hakimiyyətə gələ bilməyəcəyik və sairə. O zaman belə söhbətlər yayılmışdı ki, əgər Mütəllibov Qarabağ problemini həll etsə, ömürlük prezident də o olacaq. Ona görə də məni və komandamı işləməyə qoymadılar”.