Rejimdən Azərbaycan gəncliyinə göz dağı

AXCP sədri Əli Kərimli ölkə başçısı İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən tələbələrin Azərbaycanda təhsil almasını maliyyələşdirməyə dair sərəncamına münasibət bildirib. AXCP sədri feysbuk səhifəsində paylaşdığı qeyddə bu addımı Azərbaycan gəncliyinə göz dağı kimi qiymətləndirib:

Rejimdən Azərbaycan gəncliyinə göz dağı. İlham Əliyev dünyanın 58 ölkəsindən Azərbaycana oxumağa gələcək tələbələrə qrant vermək haqqında sərəncam imzalayıb. Xaricilərə təhsil qrantını o hökumət verib ki, öz ölkəsində pulsuz ali təhsili 70% ləğv edib, orta məktəbi şikəst qoyub. 100 minlərlə tələbə yataqxanasız qalıb. 10 minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən məhrum edilib. Və bütün bunlardan sonra İlham Əliyevin sərəncamı ilə xarici tələbələrə veriləcək təhsil qrantına daxildir: təhsil haqqı, yataqxana və ya mənzil kirayəsi, viza, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərcləri. Ölkə gəncliyinə isə təhsilsizlik, işsizlik, səfalət.
Bütün bunlar Azərbaycan xalqına qarşı yönəlmiş, anti-milli siyasət deyil?