REAL-ın seçki tərəddüdü

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin irəli sürülməsi prosesinə fevralın 20-də start veriləcək.
 
Prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər.
 
İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərinin MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.
 
Məlum olduğu kimi Respublikaçı Alternativ Hərəkatının  (REAL) sədri İlqar Məmmədov hələ də həbsdədir. Digər tərəfdən təşkilat yalnız İlqar Məmmədovun prezident seçkilərinə namizəd olacağını açıqlamışdı.
 
Maraqlıdır, REAL növbədənkənar prezident seçkilərində necə təmsil olunacaq?
 
 Bununla bağlı REAL-ın icraçı Natiq Cəfərli Modern.az-a açıqlama verib:
 
“Biz ilk dəyərləndirmələrimizdə seçkilərdə iştirakın ancaq  REAL sədri İlqar Məmmədovla mümkünlüyünü qeyd etdik. Hələ də vaxt var. Digər tərəfdən Avropa İnsan Haqları Məhkəməsinin də iki qərarı mövcuddur. Əgər İlqar Məmmədov yaxın günlərdə azadlığa çıxsa, o zaman seçkilərdə iştirak etmək haqqında qərar verə bilərik. Çünki 2013-cü il prezident seçkilərindən bəri elan etmişik ki, namizədəmiz İlqar Məmmədov olacaq. Başqa  namizədlə iştirak etməyi düşünmürük. Belə bir ehtimal da yoxdur”.
 
N.Cəfərli qeyd edib ki,  təşkilat bütün namizədlər açıqlanandan sonra seçkilərdə iştirak formasını müəyyənləşdirəcək:
 
“Hazırda növbədənkənar prezident seçkilərinə bütün namizədlərin açıqlanma müddətini yaşayırıq. Biz də öz növbəmizdə kimlərin namizəd olacağını və ya istədiyini izləyirik.   Gələn həftə növbəti toplantımız olacaq. Bununla bağlı yəqin ki, yekun qərarımızı verəcəyik.   
 
Həmçinin əsas aparıcı siyasi təşkilatlarla da diskussiyalar aparılacaq. Məsələn, Müsavat Partiyası hələki seçkilərdə iştirakla bağlı hər hansı qərar verməyib. Bütün bunlar həll ediləndən sonra ümumi prosesə qoşulmaqla əlaqəli gələcək günlərdə fikrimizi bildirəcəyik. Amma namizədimiz İlqar Məmmədovdur. O, olmasa, başqa namizəd istəmirik”.
 
Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkilərin aprelin 11-də olacaq.