REAL-ın prezidentliyə namizədi kim olacaq?

2018-ci ildə ölkəmizdə baş tutacaq ən mühüm hadisə prezident seçkiləridir. Prezident seçkiləri oktyabrın 17-də keçiriləcək.  Bununla bağlı artıq bir neçə partiya hazırlıq işlərinə başlayıb və namizədlərini müəyyən ediblər.

Respublikaçı Alternativ Hərəkatının (REAL) namizədi ilə bağlı müəyyən fikirlər səsləndirilir. REAL-ın sədri İlqar Məmmədov hələ də  azadlıqda olmadığı üçün  namizədliyinin irəli sürülməsi  mümkün görünmür.

Maraqlıdır, partiyanın prezident seçkilərində namizədi kim olacaq?

Bununla bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli açıqlama verib:

“Öncə ümid edirik ki, İlqar Məmmədov tezliklə həbsdən çıxacaq. Çünki Avropa İnsan Haqları Məhkəməsinin artıq  iki qərarı var. Bu qərarın yerinə yetirilməsi üçün hökumətlə Avropa Məhkəməsi arasında kommunikasiya başlayıb. Bu danışıqlar  mart ayına qədər yekunlaşmalıdır. Bu baxımdan arzu edirik ki, İlqar Məmmədov yaxın həftələrdə, aylarda  azadlıqda olsun, həm ailəsinə qovuşsun, həm siyasi-ictimai fəaliyyətini bərpa etsin. O cümlədən seçkilərə qədərki dönəmdə artıq biz İlqar Məmmədovun azadlıqda olduğu şəraitdə onun seçki kampaniyasının aparılması üçün işlər görəcəyik. Yəni bizdə onun azadlığa çıxacağı ümidi və yaxın gələcəkdə bunu görmək şansı da çoxdur. Ümid edək ki, bu şans reallaşacaq”.

N.Cəfərli qeyd edib ki, REAL-da İlqar Məmmədovdan başqa ikinci bir namizəd ümumiyyətlə müzakirə olunmayıb:

“Hələlik bizim müzakirə olunacaq ikinci bir namizədimiz yoxdur. Amma ilkin qərarımız 2018-ci il prezident seçkilərində istənilən formada iştirak edib  daha çox REAL-ın ideyalarını, dəyərlərini cəmiyyətə tanıtmaq üçün  açılacaq fürsətdən istifadə etməyə çalışmaqdır. Yəni seçkilərdə hər hansı formada iştirak edəcəyik və bu formalar müxətlif ola bilər”.