ReAl-ın partiya qurultayı ilə bağlı mətbuat konfransından - Fotolar

Aprelin 9-da Respublikaçı Alternativ Partiyasının (REAl) ofisinda partiya qurultayı ilə bağlı mətbuat konfransı keçirilib.
Respublikaçı Alternativ Partiyasının (REAL) məclis üzvü Natiq Cəfərli bildirib ki, təsis qurultayının online rejimində keçirilməsi hakimiyyətin maneçiliyi səbəbindən məcburi tədbir idi:
"Hökumət başqalarına açdığı qapıları bizim üzümüzə qapadıb, ancaq başa düşməlidir ki, demokratiya üçün imkanlar tükənməzdir. İradə hər şeydən güclüdür. Online müzakirələrdə 250 nümayəndə iştirak edib.Biz açıq səsvermə yolu ilə partiyanın yaradılması barədə qərar qəbul etdik, irəli sürülən təkliflər nəzərə alınmaqla proqramı və nizamnaməni təsdiq etdik. Qurultayın ikinci mərhələsində, aprelin 8-də REAL-ın mənzil-qərargahında gizli səsvermə yolu ilə partiya rəhbər orqanlarının seçkisi keçirilib. Səsvermədə 190 nümayəndə iştirak edib. Nümayəndələrin bir hissəsi müvəqqəti olaraq xaricdə yaşayır və işləyir, ezamiyyətdədir. Odur ki, onlar səs verə bilməyiblər. İlqar Məmmədovun böyük nüfuzu nəzərə alınaraq heç kim sədr postuna öz namizədliyini irəli sürməyib və o, yekdilliklə seçilib. Partiya Məclisi üzvlüyünə (40 yer) 61 namizəd irəli sürülüb. Çox səs toplayanlar seçiliblər”.
REAL-ın idarə heyətinin üzvü Azər Qasımlı onlayn səsvermənin Azərbaycan siyasi tarixində bir yenilik olduğunu, mütərəqqi ölkələrin təcrübəsindən istifadə etdiklərini qeyd edib:
“Biz Bakıda və ölkənin digər yerlərində 200 nəfərlik də olsa yer tapa bilmirdik. Ona görə də qərar verdik ki, bunu bir az başqa formada keçirək. Bir çox Avropa ölkələrində hətta parlament seçkilərini onlayn olaraq keçirirlər. Ona görə də qərar verdik ki, dünya ölkələrinin təcrübəsindən istifadə edərək qurultayımızı çox fərqli şəkildə keçirək”.
Daha sonra tədbir təşkilatçıları jurnalistlərin və media nümayəndələrinin suallarını cavablandırıblar.