Ərdoğan ABŞ-ı və NATO-nu hədələdi

Erdoğan ABŞ-ı “NATO üzvlüyü məsələsinə bir də baxacağı ilə” hədələyib

“The Daily Telegraph” yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ-ı, onun Suriyada kürd qüvvələrini silahlandırmasına görə, NATO ilə münasibətlərin nəzərdən keçirilməsinə çağırmaqla hədələyib.

“Deməli, bir tərəfdə biz NATO ilə olacağıq, başqa bir tərəfdə isə onlar terror təşkilatlarının yanında olacaqlar” – Erdoğan rişxəndlə deyib.

Türkiyə prezidenti Birləşmiş Ştatların beynəlxalq koalisiyasını Suriya Demokratik Qüvvələrini dəstəkləməsini tənqid edir. Bu qüvvələrin böyük bir hisəsini kürd döyüşçülər təşkil edirlər.

Erdoğan deyib ki, “dırnaqarası dostlarımız Türkiyəni bölmək istəyən terror təşkilatları ilə əməkdaşlıqda bir problem görmürlər”.

SDQ hazırda Suriyada Raqqa şəhərinin İslam Dövləti adlanan qruplaşmadan alınması üçün döyüşür. Bu şəhər İŞİD-in Suriyadakı de facto paytaxtı və son istehkamıdır.

Məhz buna görə də ABŞ qüvvələri SDQ döyüşçülərini təlimləndirirlər. Bu yaxınlarda ABŞ SDQ tərkibindəki kürd döyüşçülərə silah və hərbi texnikanın verilməsi barədə qərar qəbul edib.

Erdoğan deyib ki, NATO-nun iki ən böyük ordusuna malik iki üzv arasında ixtilaf yaratmış bu hərəkət alyansın əməkdaşlıq çərçivəsinə ziddir.

“Bütün bu hərəkətlər NATO-ya qarşıdır, – deyib Türkiyə prezidenti, – Belə olduqda NATO müqaviləsinə yenidən baxılması lazımdır”.

Washington Ankaranı sakitləşdirmək üçün bildirib ki, Suriya kürdlərinə verilən silahlar, İŞİD-in məğlub edilməsindən sonra onlardan alınacaq. Türkiyə bu silahların separatçı PKK döyüşçülərinin əlinə keçə biləcəyindən narahatdır.

Erdoğan bildirib ki, “bu silahların nə vaxtsa kürdlərdən alınacağını vəd edənlər, bizi axmaq yerinə qoyurlar, amma bu həyati səhvlərini başa düşəndə gec olacaq”.

Türkiyə prezidenti deyib ki, “biz o silahların sahiblərindən o silahlarla tökdükləri hər damla qanın hesabını istəyəcəyik”.

ABŞ və Avropa İttifaqının 22 üzvü NATO müqaviləsinə daxildirlər. Bu ölkələrin əksəriyyəti Erdoğanın getdikcə artan avtoritarlığına görə ona olan münasibətlərini sərtləşdirib.

Bununla yanaşı Türkiyə, İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın həyati əhəmiyyətli üzvlərindən biridir.