Razim Əmiraslanlının məhkəməsi təxirə salınıb

Razim Əmiraslanlının məhkəməsi təxirə salınıb

Bu gün, noyabrın 15-də inzibati qaydada həbs olunmuş Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlının apellyasiya şikayəti üzrə məhkəmə prosesi olub.

Bu barədə AzadlıqRadiosuna onun vəkil Nemət Kərimli məlumat verib.

Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsində protokollar saxtalaşdırılıb:

"Razim bəyin ifadələri təhrif olunub, protokollar saxtalaşdırılıb. Biz bununla bağlı vəsatət verdik, protokollar Binəqədi Rayon Məhkəməsinə qaytarıldı. Ona görə də proses qeyri-müəyyən vaxta təxirə salındı".

Onun deməsinə görə, məhkəmə prosesində Razim Əmiraslanlı da ittihamı qəbul etməyib.Verilən məlumata görə, o deyib ki, noyabrın 11-də səhər onu polisə dəvət ediblər, orada isə protokol yazıb, həbs ediblər.

Protokolda isə Razim Əmiraslanlının avtobusdan düşəndən sonra nalayiq ifadələr işlətdiyinin qeyd olunduğu bildirilir.

Vəkilin bundan əvvəl qeyd etməsinə görə, Razim Əmiraslanlı noyabrın 11-də saxlanaraq Binəqədi Rayon Məhkəməsinə aparılıb

“Məhkəmə Razim Əmiraslanlını İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinin tələblərini pozmaqda təqsirli bilib, onun barəsində 15 sutka inzibati həbs cəzası çıxarıb.” , deyə Kərimli bildirirdi.

Amma Razim Əmiraslanlının ifadəsinin dəyişdirilməsi, protokolların saxtalaşdırılması haqqında deyilənlərə, hələlik, Binəqədi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Müsavat Partiyası Razim Əmiraslanlının saxlanmasını onların noyabrın 12-də keçirməyə cəhd göstərdikləri aksiya ilə izah edib.

Facebook