Rauf Mirqədirov: ''Soçidə Putin Əliyevdən qəti seçim tələb edib''

Ərəstun Oruclu: ''Əliyev hakimiyyətinin Tramp administrasiya ilə münasibətlər qurmaq şansı sıfra bərabərdir''

İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Soçidə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə edib.

Rəsmi məlumatda qeyd olunur ki, dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Bildirilir ki, prezidentlər beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparıb.

“Bakı-Moskva arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələrin dəstəklənməsi kiməsə sərf etmir”

Prezidentlərin görüşünü APA-ya şərh edən Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, iki dövlətin münasibətlərini pozmaq cəhdlərinə baxmayaraq, Soçi görüşü iki ölkə arasında dostluq münasibətlərinin ancaq inkişaf edəcəyinin daha bir əyani sübutudur.

“Şübhəsiz ki, bizim aramızda olan möhkəm, qarşılıqlı hörmətə əsaslanan ölkələrimiz arasındakı əlaqələrin dəstəklənməsi kiməsə sərf etmir. Onlar hər yolla Rusiya və Azərbaycanı bir-birinin qarşısında və eləcə də dünya ictimaiyyəti qarşısında qaralamağa cəhd edirlər. Lakin sonda həqiqət hər zaman ortalığa çıxır. Rusiya və Azərbaycan mətbuat, turistlər, biznes və beynəlxalq müşahidəçilər üçün açıqdır. Bütün məsələlər rəhbərlərimiz arasında iş rejimində müzakirə olunur. Əsas açar rolunu oynayan qərarlar ardıcıl həyata keçirilir, Rusiya və Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdəki inkişafına keyfiyyətli və müsbət təsir göstərir. Bundan sonrakı əməkdaşlığımız da bu şəkildə inşa olunacaq".  

“Azərbaycan-Rusiya münasibətlərində subyektiv amillər böyük rol oynayır”

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov prezidentlərin görüşünü Meydan TV-yə şərh edərkən bildirib ki, dövlətlərarası problemlər iki yolla həll olunur: 

"Birinci, ən yüksək səviyyədə ikitərəfli danışıqlar olur və bunların qalstuklu, yaxud qalstuksuz olmasının elə bir əhəmiyyəti yoxdur. Əsas məsələ tərəflərin müzakirə etdiyi predmet haqda dəqiq mövqeyinin olması və bunların üst-üstə düşməsi, ya da uzlaşdırılması mümkünlüyüdür. Elə məsələlər var ki, birinci şəxslər centlemensayağı razılaşır, sonradan ona hüquqi don geyindirilir. İkinci yol - xarici işlər nazirləri, ekspertlər və diplomatlar sayəsində müəyyən sənədlər hazırlanır, sonda yüksək səviyyəli görüş nəticəsində rəsmi xarakter alır. Bunun birinci məqsədi odur ki, birinci şəxslər görüşüb sənədi imzalasınlar. Azərbaycan-Rusiya münasibətlərində subyektiv amillər böyük rol oynayır, söhbət şəxsi münasibətlərdən, fərdlərin bir-birilə razılaşmasından gedir. Məsələn, Amerikada siyasi, hüquqi sistem fərqlidir, prezident hansısa addım atmaq istəsə, onun özünün təmsil etdiyi partiya da onun əleyhinə çıxa bilər. Yəni subyektiv amillərlə yanaşı cəmiyyətin rolu var. Postsovet məkanında birinci şəxslər müəyyən qərarlar qəbul edir, sonradan bunu cəmiyyətə “yedirdirlər”. Bu baxımdan belə görüşlərin əhəmiyyəti böyük olsa da, mütləq deyil". 

“Rəsmi Moskvanın fikrincə, artıq seçimin zamanıdır”

Rauf Mirqədirov xatırladır ki, son dövrlərdə Azərbaycan-Rusiya münasibətlərində yaranan müəyyən bir gərginlik müxtəlif səviyyələrdə özünü büruzə verirdi: 

"Məsələn, Rusiyada azərbaycanlıların ictimai təşkilatının ləğvi, halbuki, bu təşkilat Kremlin nəzarəti altında olsa da, Moskva bu istiqamətdə nümayişkaranə addım atdı. Daha sonra xarici işlər nazirlikləri səviyyəsində çox ciddi problem yarandı, ondan əvvəl 2 azərbaycanlının Kəlbəcərdə girov götürülməsi və nəhayət, Aleksandr Lapşinin həbsi və s.  Bu nümayişkaranə addımların mahiyyəti ondan ibarətdir ki, Putin Əliyevdən qəti seçim tələb edir. Rəsmi Moskvanın fikrincə, artıq seçimin zamanıdır. Çünki Rusiya sərhədlərinin bütün perimetri üzrə nəzarəti ələ keçirmək istəyir. Artıq Moldovada ciddi proseslər gedir, heç keçmiş kommunist prezident Voronin açıq Rusiyapərəst mövqedən çıxış etmirdi. Amma indiki prezident İqor Dodon Qərblə münasibətləri kəskinləşdirir. Yaxud Donetski rəhbərliyinin özbaşına şəkildə kiçik Rusiya respublika elan etməsini  düşünmək sadəlöhvlükdür. Beləliklə, Azərbaycanın da Rusiyanın cızdığı perimetrdə çox vacib rolu var, bu, Yaxın Şərqə, İrana çıxışdır, enerji daşıyıcılarına nəzarətdir".  

“Gərək, Qərb bu ölkələrə Rusiyadan təhlükəsizlik təminatı versin, başqa yol yoxdur”

Siyasi icmalçı iddia edir ki, Soçi görüşündə də Putin Əliyevdən seçim tələb edib. Qarabağ probleminin həllində hərbi-siyasi təsir imkanlarının Rusiyada olması məlumdur:

Rauf Mirqədirov

Siyasi icmalçı hesab edir ki, Avropa ilə ABŞ arasındakı ziddiyyətlər də Qərbin Rusiyaya qarşı vahid güc kimi dayanmasına imkan vermir. "Ümumiyyətlə, Qərb Rusiyaya kəskin münasibət yönəltmək istəmir də. Hazırkı Tramp administrasiyası Rusiyaya loyal yanaşır, Putin-Tramp görüşünün tonunda da, bu, özünü göstərdi. Həm də ABŞ-da Tramp administrasiyana qarşı münasibət çox sərtdir. Beləliklə, istər ABŞ-Avropa münasibətləri, istərsə də Amerika daxili vəziyyət Rusiyanın əlinə oynayır. 

Eyni zamanda Qərbin Azərbaycana münasibəti enerji mənafeləri ilə əhatələndiyindən artıq ölkəmiz Avropa üçün maraqlı deyil. Bir azdan sonra Qərb şirkətləri əvvəlki illərdə olduğu kimi Azərbaycandan neft milyardları götürə bilməyəcək, çünki neft bu ölkənin özünün tələbatını da az ödəyir. Qərbdə Əliyev hakimiyyətinə işləyən lobbilər var ki, onlar Bakıdan aldıqları pulla Avropanın siyasətinə də təsir göstərirlər”.  

“Yaxın aylarda Rusiyanın Azərbaycana təsiri bir qədər də güclənəcək”

Ərəstun Oruclunun sözlərinə görə, Əliyev hakimiyyətinin Tramp administrasiya ilə münasibətlər qurmaq şansı sıfra bərabərdir. Çünki Tramp administrasiyası öz problemləri ilə məşğuldur:

“Digər tərəfdən, guya Bakı Avropaya inteqrasiyaya yeni nəfəs verir, bu, imitasiyadır. Əliyev hakimiyyətinin düşüncə tərzi Avropaya inteqrasiyaya yol verə bilməz. Əliyevlər özlərini Azərbaycanın sahibi hesab edirlər, dövlət, hakimiyyət orqanı kimi yox. İlham Əliyevin balanslı xəttə üstünlük verməsinə, yaxud İsrailin Qərbdəki nümayəndələri vasitəsilə blef siyasəti yürütməsinə baxmayaraq, yaxın aylarda Rusiyanın Azərbaycana təsiri bir qədər də güclənəcək. Gələn il isə Azərbaycan Rusiyanın təsir altına düşəcək. Bundan sonra görüntü Bakının olsa da, xarici siyasət məsələlərini Moskva həll edəcək. Təəssüf ki, Azərbaycanın müstəqilliyi məhdudlaşdırılacaq. Amma növbəti Rusiya vassalları bu hakimiyyətin olacağını düşünmürəm, çünki indiki hakimiyyətin başqa bağlılıqları var, Moskva üçün bu məqbul sayılmır. Ümumiyyətlə, Rusiya üçün Azərbaycanda vəziyyəti dəyişmək çətin deyil”. 

Ərəstun Oruclu