Rabitə Nazirliyinin nümayəndəsi məhkəməyə gəlmədi

Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsində hakim Abiddin Hüseynovun sədrliyi ilə Azərbaycanda fəaliyyət göstərən AzadlıqRadiosu-nun (azadliq.org), "Azadlıq" qəzetinin "azadliq.info", "Meydan TV"nin, "Turan TV"nin və "Azərbaycan saatı" televiziya proqramının saytlarına girişin məhdudlaşdırılması ilə bağlı məhkəmə prosesi təxirə salınıb. Məhkəmə buna səbəb kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron və idarəetmə mərkəzinin nümayəndəsinin prosesdə iştirak etməməsini əsas göstərib və məhkəməni 19 dekabr saat 16:30-a qədər təxirə salıb.
Qeyd edək ki, məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına, onun təhlükəsizliyinə ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib. Nəticədə mayın 12-də Səbail rayon Məhkəməsi Azərbaycanda AzadlıqRadiosu-nun (azadliq.org), "Azadlıq" qəzetinin "azadliq.info", "Meydan TV"nin, "Turan TV"nin və "Azərbaycan saatı" televiziya proqramının saytlarına girişin məhdudlaşdırılması ilə bağlı qərar çıxarıb.