"Rabitə işi"ndə sensassiyalı açıqlama: "Vidadi müəllim “paket” verən yox, “paket” alan olub"

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses təyin olunduğu vaxtdan 2 saat gec başlayıb

Prosesdə təqsirləndirilən BTRİB sabiq sədri Beytulla Hüseynovun vəkili Cəlil Mirzəyev müdafiə çıxışı edib. O bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittiham əsasızdır: “Məhkəmədə görüldü ki,  ittiham aktı mötəbər olmayan sübutlar əsasında qurulub. MMC tərəfindən 27 min manatlıq iş 17 min manat dəyərində qiymətləndirilib. Halbuki burda heç bir şişirdilmədən söhbət gedə bilməz.  Çünki işlər tam şəkildə həyata keçirilib. Lakin istintaq tərəfi işlərin tam görülmədiyini deyir. Burdan da görünür ki, müvəkkilimə verilən ittihamlar əsasızdır. Həmçinin ittiham tərəfi guya  Beytulla Hüseynovun dövlətə vurduğu ziyan kimi hesabladığı 10 milyon manatı da müvəkkilim məhkəmə dövründə tam olaraq ödəyib. Buna görə də Beytulla Hüseynov barəsində azadlıqdan məhrum olmamaqla cəza təyin etməyinizi xahiş edirəm”

Zərərçəkmiş Rabitə Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək təqsirləndirilən şəxslər barəsində ədalətli hökm çıxarılmasını istəyib.

Daha sonra BTRİB-in sabiq baş mühasibi Anar Mustafayevin vəkili Gülşən Salmanova  çıxışında müvəkkili barəsində bəraət hökmünün çıxarılması tələb edib: “İstintaqda çox kobud pozuntular vardı. Biz həm istintaqda, həm də məhkəmə istintaqı dövründə vəsatətlər verdik ki, bu kobud pozuntular aradan qalxsın. Çünki rəqəmlərdə həddən artıq şişirtmələr var. Ümid edirəm ki, verdiyimiz vəsatətlər müşavirə otağında baxılacaq. Biz Anara verilən ittihamdakı rəqəmlərlə razılaşmasaq da, həmin pulu nağd şəkildə zərərçəkmiş tərəfə qaytarıb. Ona görə Anar Mustafayev barəsində şərti cəza verilməsini istəyirik”.

Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə müvəkkilinin ittiham üzrə heç bir təqsirinin olmadığını deyib: “Vidadi Zeynalov nazirliyin aparat rəhbəri olub. Sabiq nazir Əli Abbasov nə deyibsə, onu yerinə yetirib. Ona siyahı verilib və verilən tapşırığı yerinə yetirib. Vidadi Zeynalov digər şəxslər kimi “paket” alıb. Həmin nazirlikdə Vidadi müəllim özündən aşağı vəzifəli şəxslərdən daha az “paket” alıb. Vidadi Zeynalov da istintaqda ifadəsində səmimi olaraq “paket” aldığını etiraf edib. Vidadi müəllim “paket” verən yox, “paket” alan olub. Lakin bu işdə Vidadi Zeynalova dəstə başçısı kimi qiymət veriblər. Halbuki Vidadi Zeynalov Əli Abbasovun verdiyi tapşırıqları yerinə yetirib. İstintaqda kobud qanun pozuntuları var. Məhkəmədə bu öz əksini tapdı ki, istintaq qrupunun kobud qanun pozuntuları var. Məhkəmə istintaqı dövründə bir çox vəsatətlərimiz təmin edilmədi. Biz dəfələrlə ekspertiza keçirilməsini, həmçinin, Maliyyə Nazirliyinin əməkdaşlarının dindirilməsini istədik. Lakin məhkəmə bu istəyimizi təmin eləmədi”.

Ceyhun Yusifov həmçinin qeyd edib ki,  verilən ittihamda göstərilən məbləğ şişirdilib: “Biz ona görə burda ekspertiza keçirilməsini istəyirdik. Həmçinin onu da qeyd edək ki, Zeynalovun qohumlarının əmlaklarına həbs qoyublar. Vidadi Zeynalovun baba yurduna həbs qoyulub. Həmin ev Vidadi Zeynalov doğulmamışdan 10 il qabaq alınıb. Onu da qeyd edim ki,  Vidadi Zeynalovun bələdiyyələrdən icarəyə götürdüyü torpaqlara da həbs qoyulub. Bu adam həmin torpaqlar üzərində mülkiyyətçi yox, icarədardır. Dövlət  öz əmlakına həbs qoyur?”

Vəkil çıxışının sonunda Vidadi Zeynalov barəsində bəraət verilməsini və yaxud azadlıqdan məhrumetmə olmayan cəza verilməsini istəyib.

Daha sonra Namazalı Məmmədovun vəkili Könül Əliyeva da çıxış edib. O, çıxışında müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “Verilən ittihamlarla razı deyilik. Məhkəmədə şahidlərin heç biri istintaqdakı ifadələri təsdiq etməyib. Həmçinin Namazalı Məmmədovun dövlətə vurduğu ziyan da tam olaraq ödənilib”.

Daha sonra “Azərpoçt”un sabiq sədri Qəmbər Bəybalayevin vəkili Elnur  Əliyev çıxış edərək, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qəmbər Bəybalayev qısa çıxış edib. O bildirib ki,  onun  əmlakı 300 min manat qiymətləndirilib: “Mənə dövlətə 2 milyon  manat ziyan vurduğumu deyirlər. İstintaq dövründə mənim əvəzimə  istintaqda Vidadi Zeynalov,  məhkəmədə Əli Abbasov ödəmək istəsə də, bunu imkan vermədilər. İndi evimi verirəm, bütün əmlakımı verirəm.

Bununla təqsirləndirilən şəxslərin vəkillərinin çıxışları başa çatıb. Gələn proses təqsirləndirilən şəxslər son sözlə çıxış edəcəklər.

Məhkəmə prosesi iyulun 7-də davam edəcək.

lent.az