Qəzzada toqquşmalar nəticəsində ölən fələstinlilərin sayı 21-ə çatıb

Son bir həftə ərzində Qəzza zolağının sərhədində toqquşmalar zamanı İsrail hərbçilərinin açdığı atəş nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

Əşrəf əl-Kidra deyib ki, bu gün Xan-Yunis şəhərində İsrail ordusunun açdığı atəş nəticəsində 29 yaşlı fələstinli ölüb, 43-ü güllə yarası almaqla, 86 fələstinli xəstəxanalara yerləşdirilib. Eyni zamanda bu gün Qəzza zolağındakı Mərkəzi Klinikada öncəki toqquşmalarda yaralanmış iki fələstinli həyatını itirib. Beləliklə, son toqquşmalar zamanı ölənlərin sayı 21 nəfərə çatıb.

 
Qeyd edək ki, keçən həftənin cümə günü fələstinlilər Qəzza zolağının sərhədində Böyük Qayıdış Yürüşünə başlayıb. Yürüşdə məqsəd dünya ictimaiyyətinin diqqətini müxtəlif illərdə hazırkı İsrail ərazisində öz evlərindən qovulmuş fələstinlilərin probleminə cəlb etməkdir. Bu, 2014-cü ildəki qanlı toqquşmalardan sonra ən ciddi qarşıdurma sayılır. Aksiyalar mayın ortalarına qədər davam edəcək.