Qəzada xəsarət alan Türkiyə vətəndaşları Ankaraya göndərilib

Həkim: Yaralılar Belek Sağlamlıq Mərkəzinə köçürülüb

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes-Gelandewagen” markalı avtomobillə törədilən qəza zamanı xəsarət alan Türkiyə vətəndaşları Ankaradakı xəstəxanaya aparılıb.

Bu barədə “Report”a yaralıların müalicə olunduğu “Baku Medical Plaza”nın həkimi Lalə Şəkərova məlumat verib.

Həkim deyib ki, hadisə zamanı xəsarət alan Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş iki gün əvvəl öz istəkləri ilə Ankaradakı Belek Sağlamlıq Mərkəzinə (keçmiş Gülhanə xəstəxanası) göndərilib.

Lalə Şəkərova Songül Tekişin vəziyyətinin qaydasında olduğunu bildirib:

“Mutallib Tekiş reanimasiya şöbəsində idi. Onun xanımı isə əməliyyat olunmuşdu və səhhəti qaydasında olduğu üçün stasionara buraxılmışdı. Həmin xəstələr bizə 1 saylı Kliniki Tibbi Mərkəzdən gətirilmişdi. Songül Tekişinin onurğasının sınması ilə bağlı səsləndirilən fikirlər əsassız idi. O, sadəcə əməliyyat olunmuşdu. Onların hər ikisinə politramma diaqnozu qoyulmuşdu.”

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu birgə məlumat yayıb. Rəsmi məlumatda bildirilir ki, fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandewagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.