"Quyular tam işləmir, bostanlar susuzluqdan quruyub" - Ağstafa sakinləri

Ağstafa rayonunun Aşağı Kəsəmən və Həsənsu kəndlərində bir müddətdir içməli su probleminin yaşandığı bildirilir.
 
Bu barədə AzadlıqRadiosuna sentyabrın 4-də yerli sakinlər danışıb. Onların sözlərinə görə, 2 aydır ki, suvarma suyu da azalıb, bostanlar, əkin yerləri susuzluqdan ziyan görüb.
 
"Quyular tam işləmir, bostanlar susuzluqdan quruyub. Su daşımaqdan yorulmuşuq. Su da elə belə kəsilməyib, icra nümayəndəsinin təsərrüfatına gedir. Dəfələrlə İcra Hakimiyyətinə şikayət etmişik, səsimizi eşidən yoxdur", - deyə yerli sakinlərdən biri söyləyib.
 
Sakinlərin vurğulamasına görə, su borularının bəziləri kəsilib, onlar məcbur olub, özləri su daşımalı olurlar.Onların deməsinə görə, bu da yerli məmurların maraqları üzündən baş verib.
 
"Turan” Agentliyinin xəbərinə görə, Ağstafa Rayonu İcra Hakimiyyətindən isə bildirilib ki, ümumi suyun yalnız kiminsə şəxsi məqsədləri üçün istifadə edilməsi barədə məlumatlar həqiqəti əks etdirmir.
 
"Deyilənlər barədə məlumatımız var. Yaxın günlərdə problem həll olunacaq", deyə xəbərə görə, icra hakimiyyətindən bildirilib.