Quduzluq nədir və insanlar ondan necə qorunmalıdır?

Sumqayıtda 5 yaşlı uşağın quduz  it dişləməsi nəticəsində dünyasını dəyişməsi cəmiyyətdə narahatlıq yaradıb.

Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova dişləmənin baş nahiyəsindən olduğundan uşağa vaksinin təsir etmədiyini deyib. Xəstəliyin inkubasiya dövrü 12 gündən 1 ilə qədər olduğundan ondan vaxtında xəbər tutmamaq da mümkündür. Yəni  vaksin vurulsa belə, ölüm halı baş verə bilər.

Bu hadisədən sonra əlaqədar qurumlar hərəkətə keçib. Sanki körpə ölümü baş verməliymiş ki, aidiyyatlı orqanlar öz məsuliyyətini yada salsın. Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov deyib ki, sahibsiz heyvanlarla bağlı  işlər  bu gündən sonra bir az da sürətlənəcək.

Bəs quduzluq nədir və insanlar özləri bundan qorunmaq üçün nələri bilməlidir?

Tibb sahəsinin ekspertlərinə görə, insanların maariflənməsi çox vacibdir. Çünki xəstəliyə tutulmamaq çox vaxt onların özündən asılı olur. Quduz heyvanları müəyyən etmək də çətin deyil.  Çox aqressiv olan və ağzından daim su axan bu heyvanlar quduz virusuna yoluxanlardır. Bu heyvanlar vərdiş etmədiyi qidalar yeməyə başlayır, onlarda iştah azalır və tez-tez su içirlər. Xəstə heyvan tez-tez yarasının yerini qaşıyır. Gözlərində irinləmə və qızarma müşahidə edilir.  İtlər sahibinin əmrlərini dinləmir, hətta  bu dövrdə hər kəsə, sahibinə də hücum edir.

Xəstəliyin özünə gələndə isə, quduzluq insan və heyvanların mərkəzi sinir sisteminin ifliciylə nəticələnən təhlükəli infeksiya xəstəliyidir. İnfeksiya xəstəlik daşıyıcısının insanı dişləməsi, ya da tüpürcəyinin zədələnmiş dəriyə düşməsi nəticəsində yaranır. Maraqlıdır ki, bizdə yalnız itləri quduzluq virusuna yoluxmuş sayırlar. Lakin quşlar da daxil olmaqla bütün istiqanlı heyvanlar quduzluğa meyilli olur.  Xəstəliyin mənbəyi, əsas keçiriciləri –  tülkülər , çaqqallar, canavarlar, itlər, pişiklər, porsuqlar, yenotlar və yarasalardır. Amma itlər insan üçün daha təhlükəli hesab olunur. Çünki itlər quduzluğa daha tez yoluxurlar.

İnsanda 8-9 gündən bir neçə ayadək davam edən inkubasiya dövründən sonra quduzluğa tutulma başlayır. Heyvanın dişlədiyi mərkəzi sinir sisteminə nə qədər yaxın olarsa, xəstəlik bir o qədər təhlükəlidir. Dişlənmiş yerdə ağrı, qıcıqlanma,  narahat yuxu, qorxu hissləri  baş verir. Xəstədə ürəkdöyünmə, nəfəsalmanın çətinləşməsi, psixi hallar baş verir.  Belə vəziyyət  iki-üç gün davam edəndən sonra ifliclə, daha sonra isə ölümlə nəticələnir.

İlk tədbirə gəlincə, dişləmə zamanı yaradan nə qədər çox  qan axsa, viruslar da  çox xaric olar. Yaranın ətrafını bir neçə dəfə yod, manqan məhlulu, spirtlə silmək lazımdır. Qanaxmanı sürətləndirmək üçün yaranı isti suyla yumaq, sonra həmin nahiyəni manqan məhlulu ilə silmək olar.

Çox vaxt insanlar heyvanın quduz olmadığını düşünüb vaxtında həkimə müraciət etmir. Düzdür, dişləyən heyvan xəstə olmaya da bilər.  Amma təhlükədən qorunmaq üçün peyvənd mütləq vacibdir. Çünki peyvənddən sonra xəstəliyə qarşı yaranan immunitet 6 aya qədər qalır. Quduzluğa qarşı peyvənd olunanlar 6 ay müddətində spirtli içki qəbul etməməli, yorğunluqdan, isti- soyuqdan özlərini qorumalıdır. Quduz heyvanın ağzının suyu çatlayan dəriyə, yaraya düşsə, əllərin gözlərə təması nəticəsində  quduzluq baş berə bilər.  Quduza yoluxan  heyvanın əti və südü çiy istifadə edilərsə, quduzluq insana da yoluxar. Ona görə də insanın bu heyvandanlardan uzaq  durması saglamlığının da qarantı olar.

azadlıq.info