EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Qubad İbadoğlu: Havaya güllə atmaqla məşğuldurlar

Qubad İbadoğlu: Havaya güllə atmaqla məşğuldurlar

"Mərkəzi Bank və Dövlət Neft Fondu yenə də havaya güllə atmaqla məşğuldur".
 
Bu sözləri Azərbaycan Demokratik Rifah Hərəkatının sədri (ADR), iqtisadçı Qubad İbadoğlu öz feysbuk hesabında yazıb. 
 
Ekspert bildirib ki, Azərbaycan neftinin qiyməti 28 dollaradək ucuzlaşıb. Bu ilin ilk 2 ayında Azərbaycan neftinin orta qiyməti 60 dollar olub. Hazırkı qiymət əvvəlki iki ayın orta göstəricisindən 2 dəfədən də çox aşağıdır. Görünür ki, bu da  son hədd deyil, çox güman ki, koronavirusun aktiv olduğu yaxın gələcəkdə də xammal bazarında ucuzlaşma, səhm bazarında isə dəyərsizləşmə davamlı olacaq. 
 
Hesablamalar göstərir ki, Azərbaycan neftinin orta qiyməti 40  dollardan aşağı olarsa, tədiyə balansının cari hesabında kəsir yaranır. Ekspertin fikrincə, bu o deməkdir ki, manatın məzənnəsini sabit saxlamaq üçün Dövlət Neft Fondunun bu il üçün satışını proqnozlaşdırdığı 6,8 milyard dollar bazarın tələbini ödəməyəcək. Çünki yalnız bu ayın 17 günündə hər iki mənbədən valyuta bazarına 1,85 milyard dollar satışa çıxarılıb. Bu isə o deməkdir ki, həm Mərkəzi Bankın, həm də Neft Fonunun aktivləri azalmağa başlayıb.
 
"Hələ bundan sonra da ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları hesabına bazara əlavə valyuta çıxarılmalıdır ki, manat ABŞ dollarına nəzərən hazırkı məzənnəsində sabit qalsın. Mart  ayının 17 günündə  valyuta bazarında 1,85 milyard dollaradək vəsait  satışa çıxarılıb. Valyuta bazarında artan tələbatı Fondun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına ödəmək, obrazlı şəkildə desək,  havaya boş yerə güllə  güllə atmağa bənzəyir", - Qubad İbadoğlu deyib.
 
İqtisadçı bildirir ki, hazırda valyuta və depozit bazarlarında baş verənlər pul-kredit siyasətinə bütün parametlər üzrə mənfi təsir göstərir: "Hələ baş verənlərdən qazanan yoxdur. Yeganə uduş odur ki, manatını dollara çevirənlər yığımlarının dəyərsizləşməsi riskindən sığortalana biliblər. Banklardakı manatla əmanətlərini geri çəkib bu əməliyyatı aparanların isə əksinə ziyanları yaranır. Çünki belələri bundan sonra əvvəlki kimi əmanətlərə görə sabit və yüksək faiz gəlirlərinə malik olmayacaqlar. Eyni zamanda bu dəyişikliklərin bəzi bankların bağlanmasına da gətirib çıxaracaq. Bütün bu baş verənlərə görə məsuliyyət hökumət və Mərkəzi Bankın üzərinə düşür. 
 
Müstəqil iqtisadi, fiskal, pul-kredit siyasəti yürütməyimizdən 28 il ötməsinə baxmayaraq, hələ də sovet dövründəki kimi inzibati tənzimləmə vasitələrindən və resurslarından istifadə edirik. 
 
Son 30 ilin ən böyük itkisi Azərbaycanın bazar iqtisadiyyatına keçidi başa çatdırmaması, azad bazar qüvvələrinin və sağlam rəqabət institutlarının iştirakı ilə özünütənzimləyən iqtisadi sistem qura bilməməsidir. Buna görə də hər zaman baş verən xarici şoklardan yaranan təsirlər Azərbaycan iqtisadiyyatının xərclərini artırır. Odur ki, manatın devalvasiyası qaçılmazdır".

Facebook