Qətər əmiri körfəz böhranını dialoq yolu ilə həll etməyə hazır olduqlarını açıqladı

Eastnews.org-un verdiyi xəbərə görə, Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani körfəz bölgəsindəki böhranın baş verdiyi il iyunun əvvəlinə nisbətətn ölkəsinin daha güclü olduğunu və böhranı dialoq yoluyla həll etməyə hazır olduqlarını bildirib.

Bu barədə Şeyx Təmim rəhbərlik etdiyi Nazirlər Kabinetinin iclasında böhran prosesində Qətərin vəziyyətini qiymətləndirdiyi zaman açıqlama verib. Şeyx Təmim "İndi Qətər bizim və digər hər kəs üçün 2017-ci ilin iyununun əvvəlindəkindən çox fərqlidir. Fəxr etdiyimiz bir tariximiz var, ancaq 2017-ci ilin iyununda olanlar bizi gücləndirdi və ölkəmiz üçün daha çox işləməyə sövq etdi", - deyib.

Qətər əmiri körfəz böhranının həllinə dair isə bunları deyib: "Qətər dövləti körfəz böhranını dialoq yolu ilə həll etməyə hazırdır. Əgər bir müqavilənin həyata keçirilməsi üçün səy göstərilirsə, bunun zorla qəbul etdirmədən uzaq, hər hansı bir dövlətin daxili işləri və milli suverenliyinə müdaxilə olunmadan bütün tərəfləri əhatə etməsi lazımdır". Xatırladaq ki, Qətər və bəzi ərəb ölkələri arasında böhran 5 iyunda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir rəhbərliklərinin Qətər ilə bütün diplomatik əlaqələrini kəsməsi ilə başlamışdı.