Qərbdə getdikcə artan İslamafobiyanın 3 əsas səbəbi

“Qoca qitə”də müsəlman düşmənçiliyi niyə artır?

Almaniyanın paytaxtı Berlində Türkiyə Diyanət İşləri Başqanlığına məxsus "Koca Sinan" məscidi yandırılıb. Məscidin xidmətçisi "Anadolu" Agentliyinə bildirib ki, yerli vaxtla saat 2 radələrində məsciddə yanğın olduğu xəbərini alıb. Bundan sonra məscidə getdiyini və bu zaman artıq yanğınsöndürənlərin məsciddəki yanğını söndürməyə çalışdığını deyib.

Şahid ifadələrinə görə, üzləri bağlanmış 3 nəfər məscidə yandırıcı mayelər ataraq qaçıb. Yanğın nəticəsində məscid istifadəyə yararsız hala düşüb. Polisin məlumatına görə, hücum edənlər məscidin girişində mətbəxin qapısındakı şüşəni sındıraraq içəriyə yandırıcı maddə atıblar.

Bu, son illərdə Avropada artan islamafobiyanın ən son nümunəsidir. Amma yeganə də deyil. Bu günlərdə Britaniyada “Bir müsəlmanı cəzalandır günü” adlı aksiyanın təbliği başlayıb. BBC-nin məlumatına görə, İngiltərənin şimalında Lids şəhərində “Bir müsəlmanı cəzalandır günü” adlı aksiyaya dəstək çağırışı olan məktublar ölkənin bütün bölgələrinə göndərilib. Hökumət qurumları artıq hərəkətə keçib, araşdırmalar başlayıb. Xəbərdə o da bildirilir ki, A4 kağıza yazılı şəkildə olan məktublarda müsəlmanlara qarşı zorakılıq hərəkətləri sıralanıb və hətta hansı hərəkətin daha çox dəstək topladığı da qeyd olunub. Britaniya terrorla mübarizə qurumları məktubları nifrət cinayəti kimi qiymətləndirib. Bu məktublar Britaniyadakı müsəlmanlar arasında qorxu yaradır. Artıq müsəlmanların özlərini əmin-amanlıqda hiss etmədiyi barədə açıqlamalar verilir.

Almanyada koca sinan ile ilgili görsel sonucu

Qeyd edək ki, ötən il yenə Britaniyada oxşar məktublar göndərilib. Ümumilikdə isə son illərdə “qoca qitə”də İslam əleyhdarlarının sayı sürətlə artır. Ümumiyyətlə, son illərdə aparılan araşdırmalardan əldə olunan rəqəmlərə əsasən Avropada İslam düşmənçiliyi və qaçqınlar əleyhinə çağırışların sayı 50 faiz artıb. Ötən il təkcə Almaniyada 49 məscidə hücum qeydə alınıb. Bundan başqa, Hollandiya, Avstriya, İsveçrə, Fransa kimi ölkələrdə də İslam əleyhidarlığının səviyyəsi artıb.

Müşahidəçilər, sahə araşdırmaçıları bu vəziyyətin yaranması ilə bağlı bir neçə versiyanın üzərində dayanırlar. Birinci versiya Avropada müsəlmanların sayının sürətlə artması və onların son illərdə artan tələbləridir. Məsələ ondadır ki, elmi-nəzəri əsasları olmasa da, tez-tez dünya mediasında Avropada müsəlmanların sayının artacağı, 2050-ci ilə qədər müsəlmanların sayının xristianlardan çox olacağı haqda yazılar yer alır. Halbuki bu məlumatların əsası yoxdur. Digər tərəfdən, müsəlman icmalarının, xüsusən də radikal müsəlman icmalarının siyasi tələbləri, hökumətlərə təzyiq cəhdləri Avropada əks reaksiya doğurur, müsəlmanlar əleyhinə düşmənçiliyə səbəb olur. Bunun bir səbəbi bilərəkdən qızışdırmalar olsa da, digər səbəbi elə müsəlman qruplardır.

Almanyada koca sinan ile ilgili görsel sonucu

Bu cür təbliğatlardan istifadə edən ifrat sağçı siyasi qruplar istifadə edərək müsəlmanları təhlükə kimi göstərir və bunun üzərindən siyasi kampaniya apararaq tərəfdar toplayır. Nəticədə heç bir əsas və perspektivi olmayan fikirlər Avropada müsəlman əleyhidarlığının, nifrətin yayılmasına səbəb olur.

İkinci mühüm faktor qaçqınlardır. Xüsusən də Əfqanıstan, Yaxın Şərq və Şimali Afrikadan olan çoxlu sayda qaçqınların sayının artması Avropada potensial təhlükə kimi görünür. Məsələn, yalnız son bir neçə ildə Almaniya bir milyondan çox qaçqın qəbul edib və təbii ki, bu da ölkədə “gəlmə” sayının açıq şəkildə artdığını göstərir. Üstəlik, gəlmələrin özünün də heç də hamısı yüksək əxlaqi keyfiyyətlərə sahib olmurlar və bu da nəticə etibarı ilə müsəlman əleyhdarlığına çevrilir. Küçədə soyğunçuluq, təcavüz halları, yeni il yolkalarına hücumlar özlüyündə kiçik hadisələr olsa da, geniş kampaniyaya və müsəlmanlar əleyhinə çağırışlara səbəb olur.

İslamafobiya ile ilgili görsel sonucu

Və nəhayət, üçüncü faktor Yaxın Şərqdə və dünyada yayılmış “İslam terrorizmi”dir. Xüsusən də Avropada müsəlmanlar adına baş verən terror aktları istər-istəməz İslam düşmənçiliyini daha da gücləndirir. Parisdə, Brüsseldə, Londonda baş verən terror aktlarını törədənlərin əsas şüarı İslam idi və təbii ki, bu cür hadisələrin “geri təpməsi” var. Nəticə etibarı ilə bu hadisələrin zərbələri İslama və müsəlmanlara dəyir.

Gedişat və müsəlman əleyhdarlığının ildən-ilə yüksəlməsi göstərir ki, yaxın illərdə bu istiqamətdə vəziyyət nəinki sabitləşəcək, əksinə, daha da gərginləşəcək. Bunu ildən-ilə sağın güclənməsi tendensiyası da sübut edir.

 Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”