Qobustan həbsxanasına köçürülən Tale Bağırzadə "kars"a salınıb

Qobustan həbsxanasına köçürülən Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə və daha iki Nardaran məhbusu "kars"a salınıb

Bu barədə Rakurs TV-ə Tale Bağırzadənin yaxınları məlumat verib. Məlumata görə, "kars" cəzası verilən digər məhbuslar Abbas Hüseyn və Cabbar Cabbarovdur. Cəzanın hansı səbəbdən verildiyi bildirilməyib. Adları çəkilən şəxlər iyulun 29-da Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasından Qobustan həbsxanasına köçürülüblər. 

Tale Bağırzadə və Abbas Hüseyn Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə 20 il, Cabbar Cabbarov isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Verilən hökmə görə, Tale Bağırzadə və Abbas Hüseynin cəzalarının 7, Cabbar Cabbarovun isə 5 ilini Qobustan Qapalı Rejimli Həbsxanasında cəkməlidir. 

Ümumilikdə "Nardaran işi"nə görə 70-dən çox insan həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Aralarında Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının da olduğu 18 nəfərin məhkəməsi yekunlaşıb. 

Məhkəməsi yekunlaşan şəxslər müxtəlif cəzaçəkmə müəssisələrinə köçürülüblər. Onların da köçürüldükləri həbsxanalarda cərimə kameralarına salınmaları barədə məlumatlar var. Yaxınlarının bildirdiyinə görə, bədənində iki güllə gəzdirən və əl ağaclarının köməyi ilə hərəkət edən Nardaran məhbusu Şamil Abduləliyev 15 saylı, Aqil İsmayılov isə 7 saylı cəzaçəkmə müəssisəsinə köçürülən kimi “kars”a salınıb. Cəzanın hansı səbəbdən verildiyi və müddəti məlum deyil. Hər iki şəxs 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.