QMİ sədri din xadimlərinə xəbərdarlıq etdi

Allahşükür Paşazadə: "Dindarlar özbaşına bəyanat verməsinlər"
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, digər din xadimlərinə çıxış və xütbələrində başqa ölkələrdə baş verən hadisələrə toxunmamaqla bağlı xəbərdarlıq edib.
 
Rakurs TV-nin məlumatına görə, Şeyxülislam mayın 24-də QMİ-də keçirilən tədbirdə din xadimlərinə istər mətbuata açıqlamalarda, istərsə də xütbələrdə Azərbaycandan başqa, digər ölkələrdəki hər hansı problem barədə danışmamaq tapşırığını verdiyini bildirib.
 
O qeyd edib ki, bundan sonra din xadimləri bu məsələdə qəti diqqətli olmalıdırlar: "Tapşırmışam ki, ancaq Azərbaycanda baş verənlərlə bağlı danışsınlar, fikirlərini bildirsinlər, başqa ölkələrin işinə qarışmasınlar. Ümumiyyətlə, dindarlar özbaşına bəyanat verməsinlər".
 
Qurum sədri axund və imamlara,ümumiyyətlə, bütün dindarlara Ramazan ayında iftardan əvvəl məclislərdə iştirak etməmək barədə xəbərdarlıq edib. QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, heç bir müsəlman din xadimi Ramazan ayında iftardan əvvəl məclislərin iştirakçısı və təşkilatçısı olmamalıdır: "Biz nümunə olmalıyıq. Siz də mənim nümayəndələrimizsiniz. Ona görə belə məsələdə diqqətli olun. Əvvəldən deyirəm ki, biləsiniz, sonra məni tutduğunuz vəzifədən kənarlaşdırmaq barədə qərar vermək məcburiyyətində buraxmayın. Çünki əks halda belə qərar verəcəyəm”.