Qiyas İbrahimov kitab oxuduğuna görə cəzalandırıldığını deyir

Hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc fəal Qiyas İbrahimova kitab oxumaq qadağasının qoyulduğu deyilir. Bu barədə anası Şura Əmiraslanova öz "Facebook” səhifəsində Qiyas İbrahimovun məktubunu paylaşıb.
 
Gənc fəal yazır:
 
"Yataq rejiminin başlanmasından sonra heç bir Barakda zəif işıqlı gecə lampasının yanmasına qadağa yoxdur.
"Bu işıqda kitab oxumaq olmaz" yazıldığını heç bir qeyddə görməmişəm. Ümumiyyətlə, belə bir qadağa yoxdur. Ancaq kitab oxuduğum belə bir vaxtda gecə yoxlamasına gələn Mehman və Rəşad adlı nəzarətçilər kitab oxumamalı, yatmalı olduğumu əmr edərək adımı qeyd etdilər. Növbəti səhər yoxlaması zamanı bu nəzarətçilər rəis müavini Şakir Qəniyevə bu haqda məruzə edərək, mənim onlara tabe olmadığımı bildirdilər.
 
Rəis müavini heç bir əsas gətirmədən yatma rejiminə, digər məhbusların yatmasına mane olduğumu söyləyib, məni 9 saat müddətinə müvəqqəti karserdə göndərdi. Hansı ki, heç oturmağa da yeri olmayan, çirkab içində olan kameradır. Rəis müavininə növbəti etirazımda da o, qəti cavab verməkdən yayındı, gecə öz yerimdə olduğum halda niyə kitab oxuya bilməyəcəyimi təsdiq edəcək tutarlı bir arqument gətirmədi. Dediyim kimi, belə bir əsas üçün hansısa qanuni bir qeyd onsuz da yoxdur. Belə müdaxilələr demək olar ki, nəzarətçilərin məhbuslardan rüşvət qopartmaq üçün etdikləri səylərdir. Ən xırda bəhanələrlə məhbuslardan rüşvət tələb edilir. Rəis müavini isə kolonun yaxşı kitabxanası olduğunu deyir. Hansı ki, günün cəmi 2 saatı açıq ola, ya olmaya. Bir sözlə, burada həbsxana rəhbərliyinin vəhşi biznes maraqlarını təmin etməyən obyekt kimi kitabxananın açıq olmasına ehtiyac da görmürlər”.
 
Hələlik Penitensiar Xidmətdən Qiyas İbrahimovun iddialarına cavab almaq mümkün olmayıb. ( Meydan Tv) 
 
Bir müddət öncə Qiyas İbrahimov cəza olaraq hər gün qızmar günəşin altında saxlanıldığını demişdi. Penitensiar Xidmətdən deyilənləri təkzib etmişdilər.
 
Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə 2016-cı il mayın 10-da, Heydər Əliyevin heykəlinə şüar yazıldıqdan sonra həbs olunub. Onların hər ikisi qanunsuz narkotik maddələrin dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.
 
"Amnesty International” təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib.\
 
Toplum.tv