Qiyas İbrahimov işgəncələrə məruz qalıb

"Sən çox danışırsan, ağıllanmalısan, qanun deyirsən, budur mənim qanunum, xoşuna gəlirmi?"

Bu sözləri 2 saylı Cəza Çəkmə Müəssisəsinin rəisi Fikrət Qafarov İbrahim Qiyassəddinə deyib. Məhbusun anası Şura Əmiraslanova Rakurs TV-ə belə deyib. Şura Əmiraslanovanın sözlərinə görə, Qiyas yazdığı məktubda saxlandığı 2 saylı kalona gəldiyi gün yoxlanışa mane olduğu və suallara "qeyri-səmimi" cavab verməsi bəhanəsi ilə 15 sutka karserə salındığını bildirib. 

Qiyasın yazdığına görə, əməliyyat rəisinin təhqirinə cavab verdiyinə görə karserdə rəis müavini Şakir Qəniyev tərəfindən döyülüb. Rəis müavini onu narkotik satmaqda ittiham etdikdə isə "narkotiki sizin kimilər satır", - deyə cavab verib. Bundan sonra Ş. Qəniyev Qiyasa "indi sübut edərəm sənə" deyib və əli qandallı rəisin otağına qaldırıb. Həbsxana rəisi Fikrət Qafarovun əmriylə yenidən döyülən Qiyasın zərbələrdən qulağı şişib.

Həbsxana rəisi Qiyasa "Sən çox danışırsan, ağıllanmalısan, qanun deyirsən, budur mənim qanunum, xoşuna gəlirmi?" deyib və söyüşlə onu təhqir edib. Rəis həmçinin onu Qobustan qapalı həbsxanasına göndərməklə təhdid edib.

Şura Əmiraslanova deyir ki, Qiyas üç sutka aclıq aksiyası keçirdikdən sonra həbsxana rəhbərliyi yumşaqlıq göstərməyə başlayıb. Bununla belə, gənc fəal karantin müddətinin hamısını karserdə keçirib. 

Rəsmi məlumata görə, İbrahim Qiyasəddinin üzərindən və evindən narkotik maddə aşkar edilib. Gənc fəal Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Amma Qiyas İbrahimov Bayram Məmmədovla birlikdə 2016-cı ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarları yazdıqlarına görə həbs edildiklərini və işgəncələrə məruz qaldılarını bildirirlər.

“Amnesty İnternational” təşkilatı Bayram Məmmədov və Qiyas İbrahimovu vicdan məhbusu kimi tanıyıb.