Qiyas İbrahimin vəkili Baş prokurora müraciət etdi

Cəzaçəkmə Müəssisəsinin kameralarındakı görüntülərin istənilməsi ilə bağlı vəsatət verilib

Vəkil Elçin Sadıqov 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc fəal Qiyas İbrahimin işgəncəyə məruz qalması ilə bağlı Baş prokuror Zakir Qaralova və ombudsman Elmira Süleymanovaya müraciət edib. 

Vəkil Baş prokurordan gənc fəalın işgəncəyə məruz qalması ilə əlaqədar araşdırma aparıb cinayət işinin başlanmasını xahiş edib:

"Eyni zamanda, Cəzaçəkmə Müəssisəsinin videokamera lent yazısının alınması vəsatəti qaldırılıb. Çünki həmin lent yazılarında Qiyas İbrahimə işgəncə verilməsi faktları öz təsdiqini tapır". 

İyulun 8-də Qiyas İbrahimlə görüşən vəkil Elçin Sadıqov onun işgəncəyə məruz qalması haqqında sosial mediada yayılan məlumatı təsdiqləyib. 

Elçin Sadıqov bununla bağlı Qiyas İbrahimin özünün müraciətini də mətbuatda yayıb. 

Qiyas İbrahim digər fəal Bayram Məmmədovla birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Qiyas İbrahim və Bayram Məmmədovun şikayətini icraata götürüb.